×
A
A
A
Sazlamalar

Naxçıvanda sosial layihələr çərçivəsində 673 cərrahi əməliyyat aparılıb

Naxçıvan, 23 oktyabr, AZƏRTAC
Sosial layihələr çərçivəsində 2019-cu ilin yanvar-sentyabr aylarında muxtar respublikada yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 673 cərrahi əməliyyat aparılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində Şərur rayonunun Kərimbəyli, Babək rayonunun Kültəpə, Ordubad rayonunun Dəstə kəndlərində həkim ambulatoriyası binalarının tikintisi, Şərur Rayon Uşaq Xəstəxanasının yenidən qurulması, Şərur Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri başa çatdırılıb.
Şərur rayonunun Muğanlı və Məmmədsabir, Ordubad rayonunun Vənənd kəndlərində həkim ambulatoriyası binalarının tikintisi, Kəngərli rayonunun Böyükdüz kəndində həkim ambulatoriyası binasının yenidən qurulması davam etdirilib. Bundan əlavə, Naxçıvan Duzdağ Fizioterapiya Mərkəzində inzibati binanın tikintisi davam etdirilir.
Tibbi əhəmiyyəti və səhiyyə turizminin inkişafındakı rolu nəzərə alınaraq “Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu il 16 may tarixdə Sərəncam imzalanıb.
“Nəxşicahan-Med” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinə yeni exokardioqrafiya avadanlığı təqdim olunub.
Muxtar respublikada əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 25 yanvar tarixli Sərəncamına uyğun olaraq 2019-cu ildən Şərur rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Bundan əlavə, 2020-ci ildən etibarən icbari tibbi sığorta sisteminin Naxçıvan Muxtar Respublikasının bütün ərazisində tətbiqinə imkan verəcək hazırlıq işlərinin görülməsi, tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 18 mart tarixli Fərman imzalayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 5 iyul tarixli Sərəncamına uyğun olaraq Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb.

Regionlar 2019-10-23 17:57:00