×
A
A
A
Sazlamalar

Abzətdin Adamov: Konfransda İKT mütəxəssislərinin təcrübə mübadiləsi təqdirəlayiqdir

Bakı, 23 oktyabr, AZƏRTAC

Müasir dövrdə elm və texnologiya sürətlə inkişaf edir. Elmi-texniki yenilikləri belə tədbirlərdə müzakirə etmək, bu sahədə təcrübələri paylaşmaq olduqca vacib məsələdir. Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin elmi irsinə həsr olunan bu konfrans da İKT-nin elm və digər sahələrdə tətbiqi ilə bağlı elmi-nəzəri yenilikləri, ən son texnologiyaları paylaşmaq baxımından olduqca əhəmiyyətlidir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində ADA Universitetində keçirilən İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi (AICT 2019) mövzusunda 13-cü beynəlxalq konfransda ali təhsil ocağının İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin baş müəllimi Abzətdin Adamov deyib. O vurğulayıb ki, dünyanın bir çox tanınmış alimləri Lütfi Zadənin tədqiqatlarından, xüsusən də qeyri-səlis çoxluqlar nəzəriyyəsindən bəhrələniblər. Bu nəzəriyyə bir çox ölkələrdə tətbiq olunur və yeni elmi kəşflərə yol açır. Müasir dövrdə dünyanı yalnız elmi-texniki yeniliklər ilə təəccübləndirmək olar. Buna görə də yeni texnologiyalar kəşf edən mütəxəssislərin konfransda təcrübə mübadiləsi təqdirəlayiqdir.
Qeyd edək ki, tədbir “Paşa Bank”ın baş sponsorluğu və Azərbaycan Turizm Bürosunun tabeliyində olan Azərbaycan Konqreslər Bürosunun dəstəyi ilə keçirilir.

Elm və təhsil 2019-10-23 17:55:00