×
A
A
A
Sazlamalar

Peşə təhsili müəssisələrinin mühəndis–pedaqoji heyəti Türkiyədə təlimlərə qatılıb

Bakı, 23 oktyabr, AZƏRTAC 

2019-2020-ci tədris ili üçün 15 müxtəlif istiqamət üzrə peşə təhsili müəssisələrinin 49 nəfərdən ibarət mühəndis-pedaqoji heyəti Türkiyədə təlimlərdə iştirak edir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hazırda İzmir və İstanbul şəhərlərində avtomobil, elektrik, incəsənət, inşaat, mebel və kənd təsərrüfatı istiqamətləri üzrə təlimlər davam etdirilir. Təlim zamanı müəllimlər kənd təsərrüfatı üzrə meyvə-tərəvəz sahəsindəki aqrotexniki, incəsənət istiqaməti üzrə isə müxtəlif çəkiliş studiyalarında praktiki işlərlə yaxından tanış olublar.
Xatırladaq ki, Azərbaycanla Türkiyə arasında peşə təhsil sahəsində əməkdaşlığa əsasən təlimlərin İstanbul, Ankara və İzmir şəhərlərində keçirilməsi nəzərdə tutulub. Təlimlərin təşkilində məqsəd peşə təhsili müəssisələrinin mühəndis–pedaqoji heyətinin kvalifikasiyasının artırılmasıdır.
Təlimlərin 2-12 həftə müddətində liderlik, turizm, inşaat, dərzi, dizayn, incəsənət, avtomobil, kənd təsərrüfatı, elektrik və zərgərlik istiqamətləri üzrə keçirilməsi planlaşdırılıb.

Elm və təhsil 2019-10-23 17:24:00