×
A
A
A
Sazlamalar

Rusiya türkdilli ölkələrə meyil edir

Moskva, 23 oktyabr, AZƏRTAC 

Postsovet məkanında inteqrasiya layihələri orbitində türkdilli ölkələr Rusiya üçün həlledici rol oynayır.
Məşhur politoloq Aleksandr Karavayev bu fikri AZƏRTAC-ın müxbirinə müsahibəsində söyləyib. O qeyd edib ki, Rusiya Avrasiya inteqrasiyası ideyasının banisi olan Qazaxıstanla Avropa İqtisadi Birliyi çərçivəsində qarşılıqlı fəaliyyət göstərir. Özbəkistan MDB-də azad ticarət orbitindən tədricən Avrasiya İqtisadi Birliyi orbitinə keçirir.
Politoloq deyib: “Azərbaycanla Rusiya bir neçə istiqamətdə qarşılıqlı fəaliyyət göstərirlər. Bir tərəfdən, MDB məkanında azad ticarət zonası çərçivəsində yarana biləcək maneələr daha sıx kooperasiya haqqında ikitərəfli sazişlər hesabına aradan qaldırılır. Digər tərəfdən, Azərbaycanın neft-kimya sahəsinə investisiyalar ilbəil, tədricən turizm sahəsinə yönəldilir, ikitərəfli qarşılıqlı fəaliyyət zonası genişlənir. Bu o deməkdir ki, ticari-iqtisadi sahədə əməkdaşlıq MDB-nin azad ticarət zonası hüdudlarından kənara çıxır.
Onun sözlərinə görə, bu, həm Bakı üçün, həm də Moskva üçün böyük üstünlüklər yaradır, biz müxtəlif inteqrasiya birliklərinin üzvləri olan üçüncü ölkələrdə azad rejimdə layihələr həyata keçirə bilərik.
Azərbaycan üçtərəfli qarşılıqlı fəaliyyətdə özünü göstərən maraqlar kompleksindən yan keçməklə, məsələn, Qazaxıstan və ya Türkiyə kimi ölkələrin hər biri ilə iri layihələr həyata keçirə bilər.
A.Karavayev sonda deyib: “Rusiya üçün əsasən türkdilli ölkələrdən ibarət bir özək formalaşıb. Bu ölkələrin fəallığı postsovet inteqrasiyası istiqamətləri ilə müqayisədə qat-qat yüksəkdir. Məsələn, Qazaxıstanla qarşılıqlı fəaliyyət klassik Avrasiya inteqrasiyası çərçivəsində həyata keçirilir. Özbəkistan son illərdə Rusiya ilə ciddi yaxınlaşma nümayiş etdirir. Azərbaycan neytral müstəqil vəziyyətdə qalır, lakin Rusiya və üçüncü ölkələrlə qarşılıqlı fəaliyyətin imkanlarından istifadə edir. Transregional inteqrasiyanın üstünlüyü bundan ibarətdir.
Sayı ilbəil artan ikitərəfli layihələrlə yanaşı Rusiya üçün ikinci dərəcəli sayılan qarşılıqlı iqtisadi fəaliyyət regionları da mühüm rol oynayır. Rusiya Türkiyə ilə birlikdə neft-qaz ixracını nizamlayır, məsələn, Türkiyədə Azərbaycan investisiyaları hesabına inşa edilmiş STAR neftayırma zavodu kimi müəssisələrdə iş aparır.
Bakını transmilli İpək Yolu kommunikasiyalarının mühüm elementi hesab edən Qazaxıstanda Azərbaycan layihələri həyata keçirilir. Özbəkistanda Azərbaycanın maraqları bu iki ölkə ilə müqayisədə hələlik çox deyil, lakin nizamlanmış münasibətlər və yaxşı perspektivlər var. Bütün bunlar Rusiyanın Şərqə, o cümlədən postsovet məkanındakı türkdilli ölkələrə meyilinin üstünlüyünü izah edir”.

 

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

İqtisadiyyat 2019-10-23 17:22:00