×
A
A
A
Sazlamalar

Gürcüstan Milli Bankı inflyasiyanın təsirinin neytrallaşdırılması üzrə siyasətini sərtləşdirir

Tbilisi, 23 oktyabr, AZƏRTAC

Gürcüstan Milli Bankı ölkədə inflyasiyanın təsirinin neytrallaşdırılması üzrə siyasətini sərtləşdirməkdə davam edir. Bu məqsədlə Gürcüstan Milli Bankı uçot dərəcəsini yenidən 1 faiz artıraraq 8,5 faizə çatdırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Bankın Monetar siyasət departamenti qərar qəbul edib.
Qərarda deyilir ki, sərtləşdirmə siyasəti mübadilə məzənnəsinə təsirlər aradan qaldırılana qədər davam etdiriləcək. Bank cari iqtisadi və maliyyə bazarlarında prosesləri müşahidə etməyi davam etdirəcək və qiymətlərin sabitliyini təmin etmək üçün bütün mümkün alətlərdən istifadə edəcək.
Monetar siyasət departamentinin növbəti toplantısı dekabrın 11-də keçiriləcək.
Məlumat üçün qeyd edək ki, Gürcüstan Milli Bankı uçot dərəcəsini sentyabrın 4-də 0,5 faiz, sentyabrın 25-də isə yenidən 0,5 faiz artıraraq 7,5 faizə çatdırmışdı.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-10-23 17:00:00