İqtisadiyyat Nazirliyinin funksiyaları və strukturu genişləndirilib
Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib
Bakı, 23 oktyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin funksiyaları və strukturu genişləndirilib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Fərman imzalayıb.
Fərmanda deyilir ki, ölkənin davamlı inkişafının təmin edilməsi məqsədilə aparılan sosial-iqtisadi islahatlarının dərinləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək əlavə dəyərin yaradılması və ixrac potensialının artırılması vəzifələri müvafiq sahələrdə struktur dəyişikliklərinin sürətləndirilməsini və dövlət idarəetmə strukturunun təkmilləşdirilməsini zəruri edir.
Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.
İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilib. İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının və onların tabeliyində olan qurumların strukturu, işçilərinin say həddi, hüquqi vəziyyəti, vəzifə maaşları, əməyin ödənilməsi sistemi və xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri ilkin mərhələdə dəyişməz olaraq qalır.
Fərmanın icrası ilə bağlı Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib.
Aerokosmik Modelçilik Festivalının qalibləri mükafatlandırılıb
Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır