×
A
A
A
Sazlamalar

Misirdə “Qahirə Su Həftəsi” keçirilir

Bakı, 23 oktyabr, AZƏRTAC

Oktyabrın 20-24-də Misir Ərəb Respublikasında "Qahirə Su Həftəsi" keçirilir.
Azərbaycanın Misirdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, “Su çatışmazlığına reaksiya” şüarı altında keçirilən su həftəsinin oktyabrın 20-də təntənəli açılışı olub.
Oktyabrın 21-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Su Şurasının yüksək vəzifəli şəxslərinin ikinci iclası keçirilib. Oktyabrın 22-də İƏT Su Şurasına daxil olan dövlətlərin nazirlərinin ikinci iclası keçirilib. Hər iki tədbirdə Azərbaycanı Elmi-Tədqiqat Su Problemləri İnstititunun direktoru Elman Qənbərov təmsil edib. O, İƏT-ə üzv olan ölkələrlə əməkdaşlıqdan bəhs edən məruzə ilə çıxış edib.
Qeyd etmək lazımdır ki, İƏT Su Şurasının birinci iclası 2018-ci ildə Qahirədə keçirilib. Qərara alınıb ki, İƏT Su Şurasının iclasları hər il Qahirədə keçirilsin.
"Qahirə Su Həftəsi" çərçivəsində Dünya Su Şurasının İdarə Heyətinin 70-ci iclası olub. İdarə Heyəti 2021-ci ildə keçiriləcək 9-cu Dünya Su Forumuna hazırlığın vəziyyətini müzakirə edib, Su təhlükəsizliyi, Qlobal dəyişikliklər və Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi üzrə işçi qrupların hesabatları dinlənilib. İclasda Azərbaycanı “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini Fərda İmanov təmsil edib.

Cəmiyyət 2019-10-23 14:43:00