×
A
A
A
Sazlamalar

İrakli Lekvinadze: İpək Yolu özəl sektorun inkişafı üçün yeni perspektivlər açır

Tbilisi, 23 oktyabr, AZƏRTAC
Böyük İpək Yolu strateji tərəfdaş ölkələrdə özəl sektorun inkişafı üçün yeni perspektivlər açır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın biznes ombudsmanı İrakli Lekvindze Tbilisidə keçirilən “Üçüncü İpək Yolu Beynəlxalq Forumu”nda deyib.
Onun sözlərinə görə, forumda iştirak edən ölkələr özəl sektorlar arasında yeni münasibətlərin qurulmasında və inkişafında maraqlıdır.
Biznes ombudsman deyib ki, Cənubi Qafqaz ölkələrinin hökumət və özəl sektor nümayəndələri III İpək Yolu forumunda müasir texnologiya, nəqliyyat və beynəlxalq ticarət dövriyyəsinin artırılması imkanlarını nəzərdən keçirirlər: “Bu forum İpək Yolu təşəbbüsü ölkələri arasında iqtisadi əməkdaşlığın inkişafı üçün də yeni perspektivlər açır. Müasir İpək Yolu iştirakçı ölkələrin, o cümlədən Gürcüstanın gəlirlərini, tranzit vergilərini artırıb. Müsbət nəticələr gələcəkdə daha böyük olacaq”.
O bildirib ki, bu nəqliyyat dəhlizi Gürcüstanın logistik mərkəzə çevrilməsində və dünya ilə əlaqələrinin inkişafında mühüm rol oynayır: “Bu da azad ticarətlə bağlı imzalanmış müqavilələr əsasında Gürcüstanın daxili tələbat bazarının 2,3 milyard dollara çatdırılması, daxili istehsalın artırılması və bunun üçün yeni investisiyaların cəlb olunması üçün geniş imkanlar yaradır”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-10-23 13:48:00