×
A
A
A
Sazlamalar

Nazir müavini: Azərbaycanda innovasiya strategiyası layihəsinin hazırlanması mühüm əhəmiyyət kəsb edir

Bakı, 23 oktyabr, Pərvanə Rəhimova, AZƏRTAC 

Azərbaycanın innovasiya strategiyasının layihəsinin hazırlanması tapşırığı ölkəmizdə innovasiyaların əlaqəli və kompleks şəkildə inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə oktyabrın 23-də Heydər Əliyev Mərkəzində keçirilən “Eurasia Innovation Day”də deyib.
“Bu gün biz texnologiyalar əsrində yaşayırıq. Rəqəmli texnologiyalar bütün sahələrə nüfuz edir, internet və mobil texnologiyalar əsasında yeni biznes modellər yaranır. İstehsalın təşkili, malların bazara çıxarılması, alışı-satışı, çatdırılması müasir texnologiyalar əsasında həyata keçirilir. Bütün bunlar müəssisələrin rəqabət qabiliyyətini artırır, bazarda yeni innovativ məhsul və xidmətləri meydana gətirir, yeni iş yerləri açılır. Azərbaycanda innovativ inkişaf diqqət mərkəzindədir. Ölkəmizdə müasir sənaye parkları, innovasiya layihələri, elektron hökumət, fondlar yaradılır”, - deyə nazir müavini bildirib.

İKT 2019-10-23 12:33:00