×
A
A
A
Sazlamalar

Radiasiya Problemləri İnstitutunda aparılan tədqiqatlara dair hesabatlar təqdim edilib

Bakı, 23 oktyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunda 2019-cu ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair laboratoriya və şöbələrin hesabat iclasları davam edir.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, iclasda Ətraf mühitin radiasiya kimyası laboratoriyasının rəhbəri, kimya üzrə elmlər doktoru, professor Müslüm Qurbanov cari ildə aparılan tədqiqatlar və görülən işlər haqqında məlumat verib. Diqqətə çatdırıb ki, laboratoriya 2 nəticə əldə edib. Habelə 7-si xaricdə olmaqla, ümumilikdə 10 məqalə və 1 tezis çap etdirilib.
Heterogen proseslərin radiasiya kimyası laboratoriyasının rəhbəri, kimya üzrə elmlər doktoru, professor Teymur Ağayev bildirib ki, 1 mövzu üzrə 2 tədqiqat işi aparılıb, 4 nəticə əldə edilib, 4-ü xaricdə olmaqla 8 məqalə və 7 tezis çap olunub.
Radiobiologiya laboratoriyasının rəhbəri, professor Elimxan Cəfərov deyib ki, 1 nəticə əldə olunub, 9-u xaricdə olmaqla ümumilikdə 10 məqalə və 4 tezis çap etdirilib, eləcə də “Radiasiya dozimetriyası və radiasiya təhlükəsizliyi” kitabı çapa təqdim edilib.
Sonra laboratoriyanın əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru, dosent Nizami Rzayev “Müxtəlif dozada şüalandırılmış tozcuqların bəzi taxıl və çaytikanı bitkisində hibrid əmələgəlməyə və çaytikanı tumurcuqlarına mutasiya təsirinin öyrənilməsi” mövzusunda tədqiqat işi haqqında məlumat verib. Diqqətə çatdırıb ki, bu tədqiqat işinin yekununda 9 nəticə əldə edilib, 2 məqalə çap olunub və 3 patent alınıb.
Radioprotektorlar laboratoriyasının rəhbəri, kimya elmləri namizədi, dosent Asim Abdullayev bildirib ki, cari ildə 3 nəticə əldə edilib və həmin nəticələrin tətbiq sahəsini araşdırıb, eləcə də 3 məqalə və 4 tezis çap etdirilib, 3 məqalə xaricdə çap planına salınıb, 1 patentə isə müsbət rəy alınıb.

Elm və təhsil 2019-10-23 12:31:00