×
A
A
A
Sazlamalar

Naxçıvanda Ərtoğrol Cavidin anadan olmasının 100 illiyi qeyd olunub

Naxçıvan, 23 oktyabr, AZƏRTAC

Görkəmli mütəfəkkir-şair Hüseyn Cavidin ailəsində böyüyən, qısa ömür yaşamasına baxmayaraq, bənzərsiz əsərləri ilə zəngin irs yaradan, musiqişünas, rəssam, tərcüməçi və dramaturq Ərtoğrol Cavidin anadan olmasının 100 illiyi Naxçıvan Muxtar Respublikasında qeyd olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə dahi şair Hüseyn Cavidin Naxçıvan şəhərindəki məqbərəsini ziyarət edib, Cavidlərin məzarları üzərinə tər güllər düzüblər.
Naxçıvan Dövlət Musiqili Dram Teatrında davam etdirilən tədbirdə əvvəlcə teatrın foyesində Ərtoğrol Cavidin həyatına və yaradıcılığına həsr olunmuş sərgiyə baxış olub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək bildirib ki, ali təhsilini Azərbaycan Pedaqoji İnstitutunda alan Ərtoğrol Cavid musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəylinin sinfində alıb, eyni zamanda konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs deyib. 1938-1942-ci illərdə Bülbülün rəhbərliyi ilə xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışdığı müddətdə musiqi folkloru nümunələrini toplanmasında və tədqiqində iştirak edib.
Ərtoğrol Cavidin professional musiqinin və bədii sənətkarlığın inkişafında özünəməxsus xidmətləri olub, əsl sənət nümunələri yaradaraq ədəbiyyat və incəsənət tariximizdə silinməz izlər qoyub. Üzeyir Hacıbəyli məktəbinin layiqli davamçısı olan Ərtoğrol Cavid Azərbaycan xalq mahnılarının nota köçürülməsində, xalqımızın milli musiqi ruhuna uyğun əsərlərin yazılmasında xidmətlər göstərib, milli musiqi mədəniyyətimizi yeni yaradıcılıq nümunələri ilə zənginləşdirib. O, “9 variasiya”, skripka ilə fortepiano üçün “Poema”, “Leylanın vəsfi” kimi romanslar, müharibə mövzusunda “Cəbhədən məktub” simfonik balladası və marşlar yaradıb. “Şeyx Sənan” və “Məhsəti” operaları, “Adajio baleti”, “Babəkin andı” simfonik poeması, bir sıra kamera və instrumental əsərləri yarımçıq qalıb.
Qeyd olunub ki, çoxcəhətli yaradıcılıq yolu keçən Ərtoğrol Cavid rəssamlığın müxtəlif janrlarına da müraciət edərək yaddaqalan sənət nümunələri yaradıb. O, bədii yaradıcılıqla da məşğul olub, pyes və şeirləri dövrümüzədək gəlib çatıb. Ölkəmiz müstəqillik qazandıqdan sonra Ərtoğrol Cavid irsinin öyrənilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib, əsərlərinin uşaq musiqi məktəblərində tədrisinə başlanıb. Ədəbi-bədii, musiqi və boyakarlıq sənətinin inkişafındakı mühüm rolu əsas götürülərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il 19 oktyabr tarixli Sərəncamı ilə Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinə Ərtoğrol Cavidin adı verilib, 2013-cü ildə həmin məktəb yeni bina ilə təmin edilib. Yaradılan şərait uşaqların burada yüksək səviyyədə təhsil almalarına, mədəniyyət və incəsənətimizin daşıyıcıları kimi Ərtoğrul Cavidin zəngin irsini öyrənmələrinə şərait yaradıb.
“Yaşadığı qısa müddətdə ədəbi-bədii, musiqi və boyakarlıq sənətin inkişafındakı mühüm rolunu, Azərbaycan xalq mahnılarının və folklorunun toplanması və tədqiqi sahəsindəki əvəzsiz xidmətlərini nəzərə alan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbov 18 aprel 2019-cu il tarixdə Ətoğrul Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb, Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına əsasən, Ərtoğrul Cavidə həsr olunmuş elmi konfrans keçirilib, onun fəaliyyətinin müxtəlif sahələrinə həsr olunmuş elmi nəşrlər hazırlanıb”, - deyən Surə Seyid bildirib ki, Tədbirlər Planına uyğun olaraq Muxtar Respublika Ali Məclisi Sədrinin Ərtoğrul irsinə böyük qayğısının ifadəsi kimi Azərbaycan Respublikasının Xalq artisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar Tofiq Bakıxanovun Ərtoğrul Cavidin bəstəkarlıq fəaliyyətinə həsr olunmuş “Natamam ömrün 100 illik təntənəsi” kitabının nəşri həyata keçirilib, kitab yüksək tirajla çap edilib. Kitabda Ərtoğrulun indiyədək işıq üzü görməmiş bəstələri, yazdığı şeirlər, tərcümələri, məktubları, rəsm əsərləri və ailə fotoları yer alıb. Bu toplu Tofiq Bakıxanovun Cavidşünaslığa əsaslı töhfəsidir.
Diqqətə çatdırılıb ki, Tədbirlər Planı çərçivəsində AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu “Ərtoğrul Cavid: Taleyi və sənəti” adlı monoqrafiya hazırlayıb, kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun dəstəyi ilə nəşr olunub.
Ərtoğrul Cavidin irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində bir sıra addımların atıldığını bildirən Surə Seyid vurğulayıb ki, bu gün Ərtoğrul Cavidin Hüseyn Cavidin ev-muzeyindəki şəxsi arxivində 43 qovluqdan ibarət çox aktual qeyri-maddi mədəni irs nümunələri saxlanılır. Həmin materialların içərisində Azərbaycanın müxtəlif bölgələrindən toplanmış adət-ənənələr, dastanlar, aşıq şeirləri, nağıllar, klassik musiqi nümunələri və muğamlar haqqında şərhlər vardır. Ərtoğrul Cavid bütün bu materialları təhlil edərək musiqi, folklor, dil baxımından mükəmməl araşdırmalar aparıb. Həmin materiallar araşdırılaraq nəşr olunması ilə bağlı muzeydə layihə hazırlanıb. “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid” layihəsi dövlət tərəfindən dəstəklənib, onun nəşrinə lazımi kömək göstərilib. Nəşr olunan çoxcildliyin I-X cildləri 2011-ci ildə, XI-XIII cildləri isə 2015-ci ildə çap edilib.
“Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyinə görə AMEA Hüseyn Cavidin ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı 2012-ci ilin aprel ayının 26-da Elm nominasiyası üzrə “Humay” Milli Mükafatı ilə təltif edilmişdir. Çoxcildlikdə “Azərbaycanın adət-ənənələri və Ərtoğrol Cavid”, “Azərbaycan klassik musiqi mətnləri və Ərtoğrol Cavid”, “Azərbaycan dastanları və Ərtoğrol Cavid”, “Azərbaycan aşıq yaradıcılığı və Ərtoğrol Cavid”, “Balaman məktəbi” dərsliyi və Ərtoğrol Cavid”, “Ərtoğrol Cavidin nota köçürdüyü xalq mahnıları” və “Ərtoğrol Cavidin yarımçıq qalmış əsərləri” əhatə olunub.
Sonra Naxçıvan televiziyasının hazırladığı Ərtoğrol Cavidin həyat və yaradıcılığına həsr olunmuş “Yarımçıq ömrün akkordları” filminə baxılıb.
Tədbir istedadlı bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə davam etdirilib.

 

Regionlar 2019-10-23 12:26:00