×
A
A
A
Sazlamalar

“İnnovasiya həftəsi” çərçivəsində “Eurasia Innovation Day” keçirilib

Bakı, 23 oktyabr, Pərvanə Rəhimova, AZƏRTAC 

Oktyabrın 23-də Heydər Əliyev Mərkəzində “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Huawei” şirkətinin birgə təşkilatçılığı ilə “Eurasia Innovation Day” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin iştirakçıları əvvəlcə nazirliyin və “Huawei” şirkətinin məhsullarını təqdim etdiyi texnoloji və innovativ məhsullarla tanış olublar. Dialoq platforması rolunu oynayan tədbirdə siyasətçilər, özəl sektorun nümayəndələri, elm xadimləri və media nümayəndələri iştirak ediblər.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycanda innovativ fəaliyyətin kütləviləşdirilməsi, innovasiya ekosisteminin formalaşdırılması üçün Prezident İlham Əliyev tərəfindən bir sıra fərman və sərəncamlar imzalanıb.
Nazir müavini bu istiqamətdə imzalanmış “Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” Sərəncamın əhəmiyyətini vurğulayıb: “Sərəncama əsasən, koordinasiya subyektlərində innovativ inkişaf məsələləri üzrə məsul əlaqələndirici şəxslər təyin olunub və hesabatlılıq sistemi formalaşdırılır”.
“Eyni zamanda aidiyyəti koordinasiya subyektlərinin idarəetmə orqanlarında ən azı bir nəfərin innovasiyalar və ya elmi tədqiqatlar üzrə mütəxəssis olması, illik mənfəətlərinin müəyyən hissəsinin innovasiyaların tətbiqi və elmi tədqiqatların maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur. Həmçinin, Azərbaycanın innovasiya strategiyasının layihəsinin hazırlanması tapşırığı da ölkəmizdə innovasiyaların əlaqəli və kompleks şəkildə inkişafı üçün mühüm əhəmiyyət kəsb edir ”, – deyə E.Vəlizadə vurğulayıb.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə çıxışında Azərbaycan iqtisadiyyatını sürətlə rəqəmsallaşması, aparıcı sahələrdə innovasiyaların tətbiqi və əldə olunmuş müsbət nəticələr barədə danışıb: “Çin Xalq Respublikasının Sədri Si Cinpinin 2013-cü ildə elan etdiyi “Bir kəmər, bir yol” adlı yeni iqtisadi inkişaf strategiyası tarixi İpək Yolu üzərində yerləşən dövlətlər də daxil olmaqla Çinin xarici ölkələrlə qarşılıqlı əlaqələrinin inkişafına və ticari-iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı müvafiq infrastruktur yaradılmasına yönəlib. “Bir kəmər, bir yol” layihəsinin işə düşməsi ilə əlaqədar Azərbaycanda da çox böyük işlər görülür. Qurulmuş müasir nəqliyyat-logistika sistemi nəticəsində Çin, Yaponiya və digər uzaq ölkələrlə ticarət əlaqələri sürətlənib. Azərbaycan ən müasir neft texnologiyalarına malik azsaylı ölkələrdəndir. Bu gün Azərbaycan öz peykləri vasitəsilə ölkədə informasiya-texnologiyaları sahəsində innovasiyaların tətbiqini gündən-günə genişləndirir”.
“Huawei” şirkətinin Avrasiya regionu üzrə vitse-prezidenti Sai Vu şirkətin fəaliyyəti və Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat verib: “Bu gün Bakıda keçirilən 3-cü “Eurasia Innovation Day” tədbiri “Huawei” ilə Azərbaycanın əməkdaşlığına mühüm töhfədir. Burada 200-dən çox iştirakçı var. “Eurasia Innovation Day” İKT sahəsi ilə bağlı vacib müzakirələrin aparılması üçün mühüm platformadır. “Huawei” şirkəti artıq 17 ildir Azərbaycanda fəaliyyət göstərir. Əsasən tədqiqat işlərinə investisiya yatırmağı hədəfləyən “Huawei” açıq innovasiyalar kursuna riayət edir. 2019-cu ildə “Huawei” dünyanın 500 ən iri şirkətləri arasında 61-ci yerdə qərarlaşıb. 32 il ərzində balaca şirkətdən böyük korporasiyaya çevrilmək üçün çoxsaylı səylər nəticəsində “Huawei” bu nailiyyəti əldə edib. Ancaq müvəffəqiyyətin açarı uzun müddət tədqiqat və inkişafa yatırılan sərmayə qoyuluşu olub. “Huawei” şirkəti texnoloji innovasiyalara və elmi araşdırmalara böyük önəm verir. Şirkət 5G texnologiyaları sahəsinin texnoloji inkişafında lider olaraq qalır. Bu sahədə yeganə təchizatçı olaraq “Huawei” tərəfindən 60-dan çox kommersiya müqaviləsi imzalanıb və 400 mindən çox modul tipli qurğular istehsal edilib. Tezliklə Bakıda da 5G şəbəkəsi tətbiq olunacaq. “Huawei” mütəmadi olaraq hər il əlaçı tələbələrin Çində rəsmi ofisdə təcrübə keçməsinə şərait yaradır. Bu layihələrdən biri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Huawei” şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Gələcəyin İKT sahəsindəki toxumları” adlı proqram layihəsidir. Gələcəkdə də bu cür layihələrin davamı olacaq”.
“Eurasia Innovation Day” çərçivəsində 3 panel təşkil edilib. “Rəqəmsal əlaqə” adlı ilk paneldə mövzu ətrafında maraqlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb. İkinci panel Avrasiya ölkələrində milli rəqəmsal iqtisadiyyatın inkişaf imkanları və problemləri mövzusunu əhatə edib. Üçüncü paneldə isə innovasiya və texnologiya istiqaməti müzakirə mövzusu olub.

İKT 2019-10-23 11:09:00