×
A
A
A
Sazlamalar

İlin sonunadək bölgələrdə 2 sənaye zonasının təşkili barədə təkliflər təqdim ediləcək

Bakı, 21 oktyabr, AZƏRTAC

Hazırda mövcud 5 sənaye parkında 44 rezident qeydiyyatdan keçib ki, bunlardan da artıq 24-ü fəaliyyət göstərir. İndiyədək sənaye parklarına 5,7 milyard manat investisiya yatırılıb, 9 minədək iş yeri açılıb. Sənaye parklarına rezidentlər tərəfindən daha 673 milyon manat yatırılması və əlavə olaraq 1,5 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Sənaye parklarında istehsal olunan məhsullar daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac olunur. Bu ilin 9 ayında sənaye parklarında 564 milyon manatlıq məhsul istehsal edilib, bunun 233 milyon manatlıq hissəsi ixrac olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir qeyd edib ki, sənayenin inkişafında yeni və mütərəqqi mexanizmlərdən olan sənaye məhəllələrinin təşkili davam etdirilir. Artıq ölkə regionlarında 4 sənaye məhəlləsi yaradılıb. Bu məhəllələrdə 38 rezident qeydiyyatdan keçib və bunlardan 22-si artıq fəaliyyət göstərir. Sənaye məhəllələrinə indiyədək sahibkarlar tərəfindən 53,8 milyon manat investisiya yatırılıb, 650-dən çox iş yeri açılıb. 90 milyon manatdan çox sərmayə yatırılacaq ki, bu da əlavə olaraq 1400-dək yeni iş yerinin açılmasına imkan yaradacaq: “Hazırda ölkənin digər bölgələrində də sənaye zonalarının yaradılması ilə bağlı araşdırma və təhlillər aparılır. Bu ilin sonunadək bölgələrdə daha 2 sənaye zonasının (sənaye parkı və ya məhəlləsi) təşkili barədə təkliflər aidiyyəti üzrə təqdim ediləcək. Cari ildə sənayedə ikirəqəmli artıma nail olunması və növbəti illərdə də dinamik inkişafın təmin edilməsi üçün kompleks tədbirlər davam etdiriləcək”.

Sənaye 2019-10-21 17:17:00