×
A
A
A
Sazlamalar

Almaniyanın “Business and Diplomacy” jurnalında Azərbaycanla bağlı məqalə dərc edilib

Berlin, 21 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Almaniyanın “Business and Diplomacy” jurnalında səfir Ramin Həsənovun “Azərbaycan Respublikasının diplomatik xidmət orqanları – 100 il keşməkeşli və şərəfli yol” adlı məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın zəngin dövlətçilik tarixindən, ölkəmizin mövcud olduğu regionun coğrafi və strateji əhəmiyyətindən bəhs edən səfir bildirib ki, Azərbaycan Şimal ilə Cənub və Şərqlə Qərbi birləşdirən strateji əhəmiyyətli tranzit nəqliyyat dəhlizlərinin üzərində yerləşir.
Azərbaycan Xalq Cümhuriyyəti haqqında məlumat verən diplomat Cümhuriyyətin müsəlman Şərqinin ilk demokratik və dünyəvi respublikası olduğunu qeyd edib. O, Azərbaycan Xalq Cümhuriyyətinin demokratik prinsiplərin bərqərar olunması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqlarının tanınması və təmin edilməsi, qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət verilməsi, nizami milli ordunun qurulması və bu kimi digər proqressiv addımlarını xüsusi vurğulayıb. Xalq Cümhuriyyətinin xarici siyasətinin qarşısında dayanan başlıca vəzifənin dövlətin beynəlxalq münasibətlər sisteminin yeni subyektinə çevrilməsi, ölkənin ərazi bütövlüyünün təmin olunması, qonşu dövlətlərlə dostluq münasibətlərinin qurulması və milli maraqların qorunması olduğunu diqqətə çatdırıb.
Səfir Azərbaycanın diplomatik xidmətinin təsis edilməsinin məhz Cümhuriyyət quruculuğu dövrünə təsadüf etdiyini bildirib. AXC-nin yaranması ilə onun dövlət orqanları sistemi, o cümlədən də Xarici İşlər Nazirliyinin formalaşdığını, Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyi 1919-cu ilin 9 iyul tarixinin hazırda hər il Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edildiyini diqqətə çatdırıb. Cümhuriyyət dövründə Məmmədhəsən Hacınski, Əlimərdan bəy Topçubaşov, Məmmədyusif Cəfərov, Fətəli xan Xoyski kimi böyük dövlət xadimləri və diplomatların Azərbaycan diplomatik xidmətinə rəhbərlik etdiyini vurğulayıb.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qarşısında duran başlıca vəzifələrindən birinin ölkənin müstəqilliyinin dünyanın böyük dövlətləri tərəfindən tanınmasına nail olmaq olduğunu vurğulayan səfir bu məqsədlə Paris Sülh Konfransının işində iştirak etmək üçün xüsusi diplomatik missiyanın yaradıldığını bildirib. Məhz Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi adıçəkilən nümayəndə heyətinin və Xarici İşlər Nazirliyinin gərgin fəaliyyəti nəticəsində 1920-ci il yanvarın 11-də AXC-nin Konfransın iştirakçısı olan böyük dövlətlər tərəfindən de-fakto tanındığını nəzərə çatdırıb.
Lakin 1920-ci il aprelin 28-də bolşevik rejiminin Azərbaycanı işğal etməsi və cavan respublikanı “boğması” nəticəsində Azərbaycanın müstəqilliyinə və ölkənin beynəlxalq münasibətlər sistemində təmsil olunmasına son qoyuldu. Böyük bir fasilədən sonra Azərbaycan xalqının əzmi və milli azadlıq mübarizəsi nəticəsində 1991-ci il oktyabr ayının 18-də öz müstəqilliyini bərpa etdi. Səfir müstəqillik bərpa edildikdən sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən regionun geosiyasi çətinlikləri nəzərə alınaraq, Azərbaycan Respublikasının dövlət quruculuğunun möhkəmləndirilməsi, Azərbaycanın Cənubi Qafqaz regionunda güclü dövlətə çevrilməsi üçün daxili və xarici siyasətin hərtərəfli inkişafı istiqamətində ciddi addımların atıldığını, müstəqil və çoxistiqamətli xarici siyasət strategiyasının müəyyən edildiyini vurğulayıb.
Müstəqillik dövründə Azərbaycanın dünyanın 180-dən çox ölkəsi ilə diplomatik münasibətlər qurduğunu, Azərbaycanda BMT, ATƏT, Avropa Şurası və digər bu kimi nüfuzlu beynəlxalq təşkilatların və xarici dövlətlərin diplomatik nümayəndəliklərinin fəaliyyətə başladığını, ölkəmizin Avropa İttifaqı və NATO ilə də yüksək səviyyəli əməkdaşlıq qurduğunu diqqətə çatdırıb.
Diplomat məqalədə Azərbaycanın əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli maraqlara əsaslanan daxili və xarici siyasət strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkənin inkişafının yeni mərhələsinə qədəm qoyulduğunu, dövrün çağırış və tələblərinə uyğun olaraq yeni strateji hədəflərin müəyyən edildiyini və həyata keçirildiyini qeyd edib. Səfir Ermənistan tərəfindən Azərbaycana qarşı davam edən hərbi təcavüzə, Azərbaycanın Dağlıq Qarabağ regionunun və digər ətraf yeddi rayonunun işğal edilməsinə, ölkədə bir milyondan çox qaçqın və məcburi köçkünün mövcud olmasına və bununla bağlı da müəyyən sosial-iqtisadi çətinliklərə baxmayaraq, son illər ərzində Azərbaycan dövləti və cəmiyyətinin hərtərəfli inkişafa və tərəqqiyə doğru inamla addımladığını və bir çox sahələrdə, o cümlədən diplomatik sahədə böyük uğurlara imza atdığını bildirib.
1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanı tanıyan ilk dövlətlərdən birinin Almaniya Federativ Respublikası olduğunu qeyd edən səfir R.Həsənov Almaniyanın Azərbaycanın Avropada ən vacib tərəfdaşlarından biri olduğunu qeyd edib. Öz növbəsində, Azərbaycanın da Almaniyanın Cənubi Qafqaz regionunda əsas iqtisadi tərəfdaşına çevrildiyini, ölkələrimiz arasında bütün sahələri əhatə edən və gündən-günə inkişaf edən əməkdaşlığın mövcud olduğunu diqqətə çatdırıb.
Səfir siyasi, iqtisadi, humanitar və mədəniyyət sahələrində əməkdaşlığın, dövlət nümayəndələrinin intensiv qarşılıqlı səfərlərinin, parlamentlərarası işgüzar əlaqələrin iki ölkə arasında mövcud olan yüksək səviyyəli münasibətlərin təzahürü olduğunu qeyd edib. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1996-cı ildə Almaniyaya rəsmi səfərinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya çoxsaylı rəsmi və işgüzar səfərlərinin, habelə Almaniyanın Federal Kanslerinin ötən ilin avqust ayında Azərbaycana işgüzar səfərinin ikitərəfli əlaqələrin daha da intensiv inkişafına xüsusi töhfələr verdiyini vurğulayıb.


Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Siyasət 2019-10-21 15:04:00