×
A
A
A
Sazlamalar

Nəsib Quliyev: Bir gündə 650 min ağacın əkilməsi gələcək nəslin sağlamlığında çox böyük rol oynayacaq

Bakı, 21 oktyabr, AZƏRTAC

Ağac əkmək, ana torpağın sinəsinə şitil basdırmaq, onu böyüdüb boya-başa çatdırmaq həmişə ən savab işlərdən biri sayılıb. Təsadüfi deyildir ki, İslam peyğəmbərinin kəlamlarının birində də bu işə çox böyük dəyər verilib: “Qiyamət gününə bir gün qalsa da, ağac ək”.
Ağac əkmək bir növ canlı yaratmağa bənzəyir. Dünyaya gələn körpənin ana qayğısına, valideyn nəvazişinə ehtiyacı olduğu kimi, torpağa basdırılan hər fidanın da bağban qayğısına ehtiyacı var. Ona görə də yerə ting basdırmaqla iş bitmir, gərək həm də onun qayğısını çəkib, böyüdəsən.
Bu barədə AZƏRTAC-a müsahibə verən K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkmək təşəbbüsünə münasibət bildirərkən deyib.
Həmin təşəbbüsün rəğbətlə qarşılandığını ifadə edən həkim-pediatr daha sonra əlavə edib: “Ağaclar bizi əhatə edən mühiti oksigenlə təchiz edir. Fotosintez zamanı yeni açılan yaşıl yarpaqlar karbon qazını udub oksigeni havaya buraxır. Bu isə ətraf mühitin sağlamlaşmasına, nəfəs aldığımız havanın oksigenlə zənginləşməsinə çox böyük töhfədir. Hesab edirəm ki, bu nəcib təşəbbüsün həyata keçirilməsi cəmiyyətin, gələcək nəslin, o cümlədən uşaqların sağlamlığında çox böyük rol oynayacaq. Ona görə də heç kəs bu təşəbbüsdən kənarda qalmamalı, hər kəs bir neçə ağac əkərək ekologiyanın, ətraf mühitin sağlamlaşması işində yaxından iştirak etməlidir”.

Ekologiya 2019-10-21 14:02:00