×
A
A
A
Sazlamalar

İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlu” mövzusunda simpozium keçirilir

İstanbul, 21 oktyabr, AZƏRTAC

Oktyabrın 21-22-də İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlu” mövzusunda simpozium keçirilir. Tədbir Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), “Türk Ocaqları” İstanbul şöbəsi, İstanbul Universiteti Türkiyyat Araşdırma İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirdə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Simpoziumda çıxış edən Aİİ-nin rektoru Ceyhun Məmmədov bu il Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyinin tamam olduğunu xatırladıb. Rektor bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il aprelin 10-da “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzaladığını qeyd edib. Bildirib ki, Sərəncamın icrası ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən Tədbirlər Planı təsdiqlənib.
Ceyhun Məmmədov deyib: “XIX əsrin sonu - XX əsrin əvvəlləri Azərbaycanın sosial-siyasi və mədəni-mənəvi həyatında haqlı olaraq milli oyanış və dirçəliş dövrü sayılır. Məhz həmin dövrün parlaq, görkəmli, mütəfəkkir şəxsiyyətləri milli şüurun oyanması, formalaşması və inkişafı üçün xalqın, Vətənin istiqlalı yolunda əhəmiyyətli ideyalar irəli sürüblər. Onlar Azərbaycanın mənəvi fikir xəzinəsini zənginləşdirib, ictimai-siyasi, ədəbi-bədii və tarixi-fəlsəfi təfəkkürümüzdə silinməz iz qoyublar.
XIX əsrdən başlayan milli özünüdərk, özünəqayıdış prosesi, milli mədəniyyətin qorunması və inkişafı yolunda mübarizə XX əsrin əvvəllərində yüksək səviyyəyə çatmışdı. O dövrdə maarifçilərin yeni bir nəsli meydana gəlir ki, bu nəslin nümayəndələri arasında Əhməd bəy Ağaoğlunu xüsusi vurğulamaq lazımdır. Əhməd bəy Ağaoğlu təkcə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə deyil, eyni zamanda, xalqımıza qarşı genişmiqyaslı terror aktlarının qarşısının alınmasında böyük rol oynayıb”.
Təxminən yarım əsrə yaxın bir zaman ərzində onun tarix, fəlsəfə, ədəbiyyat, siyasət, bir sözlə, dövrün aktual məsələlərinə dair dərin məzmunlu məqalələr dərc etdirdiyini diqqətə çatdıran C.Məmmədov deyib: “Əhməd bəy Ağaoğlu yazılarında xalqı maariflənməyə çağırıb, yaşadığı dövrün mühüm ictimai-siyasi hadisələrinə çəkinmədən öz publisistik qələmi ilə münasibət bildirib. Bir çoxlarının panislamist adlanlandırmasına baxmayaraq, o, İslama fərqli mövqedən yanaşıb, bir sıra məsələlərə aydınlıq gətirib. Din, qadın hüquqları məsələlərinə böyük əhəmiyyət verən Əhməd bəy bu mövzulara toxunan zaman Quran və hədislərə əsaslanıb. İslamı səhv tanıtmaq istəyənlərə qarşı daim mübarizə apararaq, bu dinin təhsilə verdiyi əhəmiyyəti göstərib, türk-müsəlman dünyasının daha da tərəqqi etməsi üçün problemlərin həllinin təhsil və elmdə olduğunu vurğulamağa çalışıb”.
Rəhbərlik etdiyi ali təhsil ocağı barədə məlumat verən rektor Azərbaycan İlahiyyat İnstitutunun Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradıldığını bildirib. Qeyd edib ki, institutun yaradılmasında məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək mənəvi mühitin qorunub saxlanılması, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrlar hazırlanmasını təmin etməkdir. İnstitutun yarandığı gündən öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin təbliğinə, tələbələrdə vətənpərvərlik ruhunun, Vətənə sevginin və ona bağlılığın gücləndirilməsinə, tanınmış Azərbaycan mütəfəkkirlərinin həyat və yaradıcılığının öyrənilməsinə xüsusi əhəmiyyət verdiyini vurğulayan C.Məmmədov bildirib: “Ötən əsrin əvvəllərindən etibarən Azərbaycanda və onun hüdudlarından kənarda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə fəal iştirak edən və milli oyanış hərəkatının daim ön sıralarında dayanan, parlaq bədii-publisistik və dolğun elmi-nəzəri irs yaradan, Azərbaycanın ədəbi-mədəni və sosial-fəlsəfi fikir xəzinəsinin yeni ideya və konsepsiyalarla daha da zənginləşməsində diqqətəlayiq xidmətlər göstərən Əhməd bəy Ağaoğlunun həyat və yaradıcılığına həsr olunmuş bu tədbir də görkəmli şəxsiyyətin xatirəsinə bir ehtiramın təzahürüdür”.
Tədbirdə çıxış edən İstanbul Universitetinin Türkiyyat Araşdırma İnstitutunun müdiri, professor Mustafa Balcı, “Türk Ocaqları” İstanbul şöbəsinin rəhbəri Cezmi Bayram, İstanbul Universiteti rektorunun müavini İlyas Topsaka, Azərbaycanın Milli Məclisinin deputatı Fazil Mustafa Əhməd bəy Ağaoğlunun həyat və yaradıcılığı barədə məlumat veriblər. Bildirilib ki, Əhməd bəy Ağaoğlu XIX əsrin sonlarından 1920-ci illərədək Azərbaycanın, sonra isə Türkiyənin ictimai-siyasi həyatında mühüm rol oynamış şəxsiyyətlərdən biridir.
Əhməd bəy Ağaoğlunun müsəlman dünyasının böhrandan çıxması istiqamətində həm Azərbaycan, həm də Türkiyə üçün əvəzsiz xidmətlər göstərdiyini deyən çıxışçılar, onun İslam mədəniyyətinin formalaşması və inkişafında da böyük rolu olduğunu bildiriblər.
Simpozium “Əhməd Ağaoğlunun fikri inkişaf cizgisi”, “Türkçülük tarixində Əhməd Ağaoğlu fenomeni”, “Əhməd Ağaoğlunun pəncərəsindən sərbəst zarafat təcrübəsi” mövzularında məruzələrlə davam etdirilib.
Tədbirdə azərbaycanlı və türkiyəli elm adamları, mütəxəssislər, ictimai xadimlər iştirak edirlər.

 

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Elm və təhsil 2019-10-21 13:32:00