×
A
A
A
Sazlamalar

Əli Vəhdəti: Azərbaycanda innovasiya və yeni texnologiyaların inkişafına geni imkanlar yaradılıb

Tehran, 21 oktyabr, AZƏRTAC

Azərbaycanda innovasiya və yeni texnologiyaların inkişafına geniş imkanlar yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın İnnovasiyaların İnkişafı Fondunun İdarə Heyətinin sədri Əli Vəhdəti deyib. O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən texnologiya parklarında yüksək standartlar əsasında məhsul istehsal edilir. Bu məhsullar dünya bazarına çıxarıla biləcək səviyyədədir.
Ə.Vəhdəti qeyd edib ki, İran ilə Azərbaycanın innovasiya şirkətləri arasında əməkdaşlıq haqqında 6 müqavilə imzalanıb. Bu müqavilələrə əsasən şirkətlər birgə müəssisə yaradıb məhsul istehsal edə bilərlər. Bu sahə üzrə faydalı əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün alimlərin və iş adamlarının görüşlərini təşkil etmək lazımdır. Qarşılıqlı təcrübə mübadiləsi də tərəflər üçün əhəmiyyətlidir.
İran ilə Azərbaycanın yeni texnologiyalar sahəsində əldə etdikləri nailiyyətlərin iqtisadiyyata tətbiqi və istehsal olunan malların üçüncü ölkələrə ixracı daha yüksək inkişafa doğru atılan böyük addım olacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Elm və təhsil 2019-10-21 11:18:00