×
A
A
A
Sazlamalar

Azərbaycanın daha bir cüdoçusu Hərbçilərin Dünya Oyunlarının bürünc mükafatını qazanıb

Pekin, 20 oktyabr, AZƏRTAC

Azərbaycan komandasının üzvü, cüdoçu Məmmədəli Mehdiyev Çinin Uxan şəhərində keçirilən Hərbçilərin 7-ci Dünya Oyunlarında bürünc medal qazanıb. Bu, Azərbaycan komandasının Hərbçilərin 7-ci Dünya Oyunlarında ikinci medalıdır.
AZƏRTAC xəbər verir ki, çəkisi 90 kiloqramadək kişilərin yarışında mübarizə aparan cüdoçumuz Məmmədəli Mehdiyev ilk turda Bəhreyn idmançısı Cəmşid Qələndərovu məğlub edib. Növbəti mərhələdə ispaniyalı Kulebras Tallon Serxioya, 1/4 final mərhələsində isə polşalı Kuzera Pyotra ipponla qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda Cənubi Koreya təmsilçisi Cunq Von Cuna məğlub olan Məmmədəli Mehdiyev 3-cü yer uğrunda görüşdə monqolustanlı Altanbaqana Qantulqa ilə qarşılaşıb. Cüdoçumuz güclü rəqibini ipponla məğlub edərək yarışı üçüncü yerdə başa vurub.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

İdman 2019-10-20 15:14:00