×
A
A
A
Sazlamalar

İspaniya La Liqası: “Barselona” səfərdə “Eybar”ı 3:0 hesabı ilə məğlub edib

Bakı, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da futbol üzrə İspaniya La Liqasının IX turu çərçivəsində “Barselona” səfərdə “Eybar” komandasının qonağı olub.
AZƏRTAC xəbər verir ki, “Estadio Municipal de Ipurua” stadionunda keçirilən görüşdə hesabı 13-cü dəqiqədə kataloniyalıların hücumçusu Antuan Qrizman açıb. Birinci hissə bu hesabla başa çatıb - 1:0.
İkinci hissənin 58-ci dəqiqəsində qonaqlar hesab arasındakı fərqi artırıblar. Bu dəfə argentinalı ulduz Lionel Messi komanda yoldaşı A.Qrizmanın ötürməsini dəqiq zərbə ilə rəqib qapısına yönəldib. Bundan iki dəqiqə sonra “Barselona”nın uruqvaylı hücumçusu Luiz Suarez hesabı 3:0-a çatdırıb.
Beləliklə “Eybar” komandasını səfərdə böyük hesabla məğlub edən “Barselona” 19 xalla turnir cədvəlinin birinci pilləsinə yüksəlib.
Günün digər qarşılaşmasında isə “Atletiko Madrid” öz meydanında “Valensiya”nı qəbul edib. Gərgin keçən görüşdə tərəflər hərəyə bir dəfə fərqləniblər.
Bu gün İspaniya çempionatın favoritlərindən biri olan “Real Madrid” komandası səfərdə “Malyorka” ilə qarşılaşacaq. Oyun Bakı vaxtilə saat 23:00-da başlayacaq. Xatırladaq ki, madridlilər 8 oyundan 18 xalla turnir cədvəlində ikinci yeri tutur.
Turun digər oyunları oktyabrın 19-da və 20-də keçiriləcək.

İdman 2019-10-19 21:16:00