×
A
A
A
Sazlamalar

Masallıda Milli Qəhrəman Elşad Hüseynovun xatirəsi anılıb

Masallı, 19 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Milli Qəhrəmanın abidəsi önündə keçirilən mərasimin iştirakçıları abidə önünə gül dəstələri düzərək onun xatirəsini ehtiramla yad ediblər. Burada Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub.
Anım tədbirində çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova bildirib ki, Milli Qəhrəman Elşad Hüseynovun anım və doğum günləri hər il rayonda qeyd edilir. O, Milli Qəhrəmanın keçdiyi ömür yolunun gənclərə örnək olduğunu vurğulayaraq onları Elşad kimi vətənpərvər olmağa çağırıb.
Qeyd olunub ki, Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynov 1960-cı ildə Masallı rayonunun Xıl kəndində anadan olub. O, hərbi xidmətini başa vurduqdan sonra Bakı şəhərində Daxili İşlər Nazirliyinin tərkibində milis nəfəri kimi işə qəbul olunur. Ermənilərin doğma torpaqlarımıza təcavüzü zamanı könüllü olaraq cəbhəyə yollanır.
Elşad Hüseynov 1991-ci ildə Füzuli və Tərtər bölgələrində olan Cuvarlı, Ağbulaq və bir çox başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşub. Onun şücaəti erməni qəsbkarlarını lərzəyə salmışdı.
1992-ci il iyunun 15-də döyüşçülərimizə Fərrux kəndini düşməndən azad etmək tapşırığı verilmişdi. Səhər tezdən Ağdam istiqamətində döyüşə atılan polis cəngavərləri kəndin içinə doğru irəliləyirdilər. Elşad həmişə olduğu kimi, yenə də döyüşün ən qızğın yerində idi. O, həm cəsarətli vuruşu, həm də ruhlandırıcı çağırışları ilə döyüş yoldaşlarına mənəvi qüvvə verirdi. Əfsus ki, mövqeyini dəyişmək üçün səngərdən çıxarkən E.Hüseynov qəfil düşmən gülləsinə tuş gəldi...
O, ailəli idi, üç övladı var.
Elşad Eynulla oğlu Hüseynov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, Masallı rayonunun Xıl kəndində dəfn edilib, kənddə büstü qoyulub. Masallı şəhərinin küçələrindən birinə Milli Qəhrəmanın adı verilib.
Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin məsul işçisi Babək Hacıyev, Masallı Rayon Təhsil Şöbəsinin inspektoru Hörmət Balakişiyev, Milli Qəhrəmana "Vətən oğlu" adlı poema həsr etmiş şair Tahir Heydərli və başqaları şəhidin cəbhədə göstərdiyi igidlikdən danışıblar.
Milli Qəhrəmanın qızı Aytən Hüseynova ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.
Mərasimdə məktəblilər qəhrəmanlarımızı vəsf edən şeirlər ifa edib, Masallı Dövlət Regional Kollecinin tələbələri “Qarabağa qayıdacağıq” adlı ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

 

Regionlar 2019-10-19 18:33:00