×
A
A
A
Sazlamalar

“Education HUB” təşkilatı “Ən yaxşı sahibkarlıq tədrisi proqramı”nın finalçısı olub

Bakı, 19 oktyabr, AZƏRTAC 

Təhsil sahəsində ixtisaslaşan “Education HUB” təşkilatı Finlandiyanın paytaxtı Helsinki şəhərində keçirilən Avropa İttifaqının “Sahibkarlığın tədrisi üzrə ən yaxşı proqram” nominasiyasının finalçısı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Education HUB” təşkilatının proqram meneceri Gülnarə İsmayılova Azərbaycanda həyata keçirilən qadınlar arasında sosial sahibkarlığın tədrisi ilə bağlı konfransda məlumat verib.
Bildirilib ki, mükafatlandırma mərasimində əmək, məşğulluq və sosial məsələlər üzrə Avropa komissarı Marianne Thyssen “Education HUB” təşkilatına xüsusi sertifikat təqdim edib.
G.İsmayılova bildirib ki, 18-29 yaşlı xanımlar üçün nəzərdə tutulan proqram əsasən Azərbaycanın regionlarında həyata keçirilir. Həftə sonları təşkil olunan sessiyalarda iştirakçılara 3 ay müddətində peşəkar mentorlar fərdi və onlayn məsləhətlər verir, sosial biznes layihələrinə dəstək göstərirlər. Proqramın yekununda xanımlardan ibarət qrupun Bakıya mübadilə səfəri təşkil olunacaq.
Qalib komandalar mübadilə zamanı dövlət qurumları, özəl sektor və fərdi sahibkarlarla birbaşa ünsiyyət imkanı əldə edəcəklər. Proqramın tədrisi zamanı gənclərin sosial bacarıqlarının təkmilləşdirilməsinə də xüsusi diqqət ayrılır. Bu da öz növbəsində gənclərin, xüsusən də qadınların öz icmalarında daha fəal olmasına imkan yaradır.
Qeyd edək ki, “Sosial Sahibkarlığın təşviqi Proqramı” İqtisadiyyat Nazirliyi, “ASAN xidmət”, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin texniki tərəfdaşlığı ilə “Education HUB” tərəfindən həyata keçirilir.

Sosial 2019-10-19 17:20:00