×
A
A
A
Sazlamalar

Antarktida üzərində küləyin səngiməsi Avstraliya üçün təhlükəli ola bilər

Bakı, 19 oktyabr, AZƏRTAC

Antarktida üzərində temperaturun rekord səviyyəyə çatması yazda hava şəraitinin dəyişməsinə - orta temperaturun yüksəlməsinə və yağıntının azalmasına gətirib çıxara bilər.
AZƏRTAC “nat-geo.ru” saytına istinadla xəbər verir ki, istiləşmə avqustun sonuncu həftəsində - Cənub qütbü üzərində stratosferin temperaturunun sürətlə artdığı vaxtda başlayıb. Proqnozlaşdırıldığına görə, yaxın həftələr ərzində havalar istiləşəcək və bunun nəticələri uzaq şimalda hiss ediləcək, Avstraliyanın şərqinə təsir göstərəcək. Meteorologiya bürosu meteomüşahidələrin bütün tarixi ərzində Arktikada hətta 2002-ci ilin sentyabr ayının rekordunu təzələyəcək ən güclü istiləşməni proqnozlaşdırır.
Hər il qışda qütb ilə Cənub okeanı arasında temperatur fərqinə görə Antarktida üzərində qərb küləkləri əmələ gəlir. Bu küləklər saatda 200 kilometr sürətlə Cənub qütbü üzərindəki stratosferdə əsir və qütb regionunu əhatə edir. Yazda günəş yerini cənuba doğru dəyişir və qütb regionu qızmağa başlayır. Bu istiləşmə stratosfer burulğanının və onunla bağlı qərb küləklərinin tədricən zəifləməsinə səbəb olur.
Lakin bu sxemdə vaxtaşırı pozulmalar baş verir. Atmosfer stratosferə külli miqdarda istilik verir və yüksək sürətli axınları “qarışdırır”. Nadir hallarda, dalğalar yetərincə güclü olanda onlar qütb burulğanını sürətlə məhv edərək, faktiki olaraq küləyin istiqamətini dəyişir və onu şərq küləyinə çevirir. Bu, gözlənilməz stratosfer istiləşməsinin texniki tərifidir.
Son 60 ildə belə hadisə ikinci dəfə baş verir. Sonuncu dəfə gözlənilməz stratosfer istiləşməsi 2002-ci ildə müşahidə olunub.
Bu təbiət hadisəsinin nəticələri artıq gələn ay özünü büruzə verə bilər. Antarktida regionunda istiləşmə ilə bərabər, ən nəzərəçarpan hadisə Cənub okeanı üzərində əsən qərb küləklərinin ekvatora tərəf yerdəyişməsi olacaq. Bu, Qərb küləklərinin yolunda yerləşən regionlarda (Qərbi Tasmaniya, Yeni Zelandiyada Cənub adası və Cənubi Amerikada Pataqoniya) qasırğa və yağıntının güclənməsinə, habelə soyumaya gətirib çıxaracaq.
Belə vəziyyət qərb küləklərinin əsas zolağından şimalda yerləşən subtropik Avstraliyada yağıntının miqdarının azalması, göyün üzünün açılması, havanın istiləşməsi ilə nəticələnəcək ki, bu da quraqlıq və yanğın riskinin növbəti dəfə yüksəlməsi ilə müşayiət olunacaq.

Ekologiya 2019-10-19 14:38:00