×
A
A
A
Sazlamalar

“Mənim yay tətilim-2019” rəsm müsabiqəsinə yekun vurulub

Bakı, 19 oktyabr, AZƏRTAC

Xətai Sənət Mərkəzi tərəfindən elan olunan “Mənim yay tətilim-2019” adlı respublika uşaq rəsm müsabiqəsinə yekun vurulub.
Mərkəzin direktoru Zahid Əvəzov AZƏRTAC-a bildirib ki, müsabiqəyə respublika üzrə 800-ə yaxın uşaq, 1400-ə qədər əsəri ilə elektron qaydada müraciət edib. Sərgiyə birinci turdan keçmiş 12 yaşa qədər 150-dən çox uşaq 160, 12-17 yaşarası 140-dək uşaq isə 150-dək əsəri ilə qatılacaq. Həmçinin bu sərgidə Naxçıvan Muxtar Respublikasında təşkil olunmuş eyniadlı müsabiqədən 20 uşağın 25 əsəri yer alacaq. Müsabiqənin yekun sərgisi müvafiq olaraq, 12 yaşa qədər uşaqlar üçün oktyabrın 25-də, 12-17 yaşarası uşaqlar üçün isə oktyabrın 26-da Xətai Sənət Mərkəzində açılacaq.
Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (QSC), Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb. “Nəsimi ili” çərçivəsində keçirilən müsabiqə məktəblilərin yay istirahətlərinin zövqlü keçməsi və tətil ərzində diqqətini çəkən hadisələri öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədi ilə təşkil olunub.
Qeyd edək ki, AZƏRTAC müsabiqənin informasiya dəstəkçiləri sırasındadır.

İncəsənət 2019-10-19 14:11:00