×
A
A
A
Sazlamalar

Azərbaycanın Dövlət Müstəqilliyi Günü Ankarada qeyd olunub VİDEO

Ankara, 19 oktyabr, AZƏRTAC

Azərbaycanın Ankaradakı səfirliyi tərəfindən 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü və diplomatik xidmət orqanlarımızın yaradılmasının 100 illiyi münasibətilə tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə rəsmi şəxslərin və diplomatların iştirakı ilə səfirliyin həyətində diplomatik orqanlarımızın yaradılmasının 100 illiyi münasibətilə ağac əkilib. Sonra bu aksiya Türkiyə paytaxtında yerləşən Heydər Əliyev Parkında davam edib.
Daha sonra Heydər Əliyev Parkında Ankaranın Mamak rayonundakı Əli Kuşçu adına orta məktəbin şagirdlərinin Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr etdikləri bədii proqram olub.
Ümummilli lider Heydər Əliyevin abidəsi önündə Azərbaycanın dövlət himnini xorla oxuyan şagirdlər, Vətənimizə, Azərbaycan-Türkiyə qardaşlığına həsr olunan şeirlər səsləndiriblər. Qeyd edək ki, şagirdlərin bu proqramı Ankaranın Əli Kuşçu adına orta məktəblə Bakıdakı 47 nömrəli tam orta məktəbin şagirdləri arasında keçirilən “Məktub qardaşlığı” layihəsinin tərkib hissəsidir.
Tədbirin sonunda ölkəmizin Ankaradakı səfiri Xəzər İbrahim və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri Necdət Ünüvar Azərbaycanın Dövlət Müstəqilliyi Günü və diplomatik orqanlarımızın yaradılmasının 100 illiyi ilə bağlı fikir və mülahizələrini jurnalistlərlə bölüşüblər.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Siyasət 2019-10-19 13:04:00

Video