×
A
A
A
Sazlamalar

SOCAR: Yeraltı anbarlara yalnız Azərbaycan təbii qazı vurulur

Bakı, 19 oktyabr, Nihad Budaqov, AZƏRTAC
Yeraltı anbarlara yalnız Azərbaycan təbii qazı vurulur.
Bu barədə AZƏRTAC-a SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
“SOCAR əvvəlki illərdən fərli olaraq təkrar ixracdan imtina edib. Yəni, əvvəllər xarici ölkələrdən və ya üçüncü tərəflərdən alınan qaz həcmləri ixrac məqsədilə istifadə olunurdu. Həmin həcmlər isə yay aylarında qaz anbarlarına vurulurdu. Qaz anbarlarının kommersiya potensialından da məhz bu cür istifadə olunurdu. Qış aylarında isə qaza tələbat yüksək olduğu dövrdə həmin idxal olunmuş və üçüncü tərəflərdən alınmış qaz təkrar ixrac edilirdi. Hazırda SOCAR qazın idxalından ixrac üçün belə imtina edib. Təkrar ixracdan imtina edilməsinə səbəb isə ölkədə təbii qaz hasilatının artmasıdır. Hazırda yeraltı qaz anbarları doldurulur. Anbarlara yalnız Azərbaycanda istehsal edilən təbii qaz vurulur. Bu da, qış aylarında daxili tələbatın tam təmin olunmasına şərait yaradacaq”, - deyə İ.Əhmədov əlavə edib.
Qeyd edək ki, üçüncü rüb də daxil olmaqla cari ildə SOCAR tərəfindən yeraltı anbarlara 2,1 milyard kubmetr təbii qaz vurulub. Hazırda qaz anbarlarında 2,9 milyard kubmetr qaz var və anbarlara qazın vurulması prosesi davam edir.
Ölkədəki Qaradağ və Qalmaz yeraltı qaz anbarlarının ümumi həcmi 3,5 milyard kubmetrdən çoxdur.

Neft - qaz 2019-10-19 11:15:00