×
A
A
A
Sazlamalar

“Clarivate analytics” BDU-da növbəti seminar-təlim keçirib

Bakı, 19 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində “Clarivate analytics” agentliyinin növbəti ümumuniversitet seminar-təlimi keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda BDU-nun rektoru Elçin Babayev, universitetin professor-müəllim heyəti, magistrant, doktorant və dissertantlar iştirak ediblər.
“Clarivate analytics” agentliyinin elmi informasiya resursları üzrə eksperti İneş Kenjina “Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyələr” və “Yırtıcı jurnallarla mübarizə” mövzularında məruzə ilə çıxış edib.
Seminarda “Web of Science” platformasına daxil olmaq üçün məqalələr qarşısında qoyulmuş tələblər, elmi məqalələri təqdimetmə qaydaları, seçim meyarları və digər məsələlərlə bağlı məlumatlar verilib. İneş Kenjina həmçinin “Clarivate analytics”də mütəmadi olaraq onlayn vebinarların keçirildiyini diqqətə çatdırıb, magistrant, doktorant, alim və pedaqoqları bu vebinarlardan yararlanmağa dəvət edib.
Seminarda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Xatırladaq ki, ötən il “Web of Science” bazasına daxil olan nəşrlərdə BDU alimləri tərəfindən 341 məqalə dərc etdirilib və bu məqalələrə 1735 dəfə (yalnız 2018-ci ildə dərc etdirilmiş öz-özünə (self-citation) istinadı çıxmaq şərti ilə 247 dəfə) istinad olunub.
Ümumiyyətlə, 1975-ci ildən başlayaraq “Web of Science” bazasına daxil olan nəşrlərdə universitet alimləri tərəfindən 2725 məqalə dərc etdirilib və bu məqalələrə 9499 dəfə istinad olunub.

Elm və təhsil 2019-10-19 01:37:00