×
A
A
A
Sazlamalar

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub

Vaşinqton, 19 oktyabr, AZƏRTAC 

Oktyabrın 18-də Vaşinqtonda Azərbaycanın ABŞ-dakı səfirliyinin və Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda iqtisadi islahatlara həsr olunmuş xüsusi tədbir keçirilib. Tədbirdə ABŞ Dövlət Departamentinin, Ticarət Nazirliyinin üzvləri, aparıcı beyin mərkəzlərinin təmsilçiləri iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə geniş təqdimatla çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar haqqında müfəssəl məlumat verib, ölkəmizin regional və qlobal miqyasda əhəmiyyətindən danışıb. V.Qasımlı Dünya Bankının “Doing Business” hesabatında ən islahatçı ölkə olaraq göstərilən Azərbaycanın biznes mühitinin yaxşılaşdırılması, investorlar üçün əlverişli şərtlərin tətbiqi, ümumi makroiqtisadi və fiskal sabitliyin təmin olunması sahəsində atılmış addımlar barədə məlumat verib.
Valyuta ehtiyatlarının 50 milyard ABŞ dolları həcmində olması və xarici borcun Ümumi Daxili Məhsula nisbətdə cəmi 17 faiz təşkil etdiyini bildirən V.Qasımlı son göstəriciyə görə Azərbaycanın dünya miqyasında aparıcı yerlərdən birini tutduğunu qeyd edib. Əlavə edib ki, Azərbaycan Prezidentinin birbaşa rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlar prosesi çərçivəsində elektron kommunikasiya metodlarının və müxtəlif təyinatlı onlayn platformaların tətbiqi islahatların səmərəliliyini təmin etməklə yanaşı, hökumətin bu xüsusda çevikliliyini də artırır. Azərbaycanda biznesi başlamaq üçün tələb olunan qeydiyyat prosesi müddətinin bir neçə gündən cəmi 30 dəqiqəyədək çatdırıldığını vurğulayaraq, istənilən yerli və xarici sahibkarın 24 saatlıq rejimdə müvafiq onlayn platforma vasitəsilə öz biznesini qeydiyyata ala biləcəyi qeyd olunub.
Daha sonra tədbir çərçivəsində Azərbaycanın regionda aparıcı islahatçı olmaqla yanaşı, bu mühüm geostrateji regionda digər ölkələr üçün də nümunəvi islahatçı ölkə və dayanıqlı inkişafa nail olmuş iqtisadi güc olması ilə bağlı müzakirələr aparılıb, iqtisadi islahatlar prosesinin inkişafın əsas təməli olaraq davam etdiriləcəyi bildirilib.


Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

İqtisadiyyat 2019-10-19 02:00:00