×
A
A
A
Sazlamalar

SOCAR AQŞ-nin Ankara ofisinin açılışında Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub

Ankara, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də SOCAR AQŞ-nin Ankara ofisinin açılış mərasimi olub. Mərasimdə rəsmi şəxslər, diplomatlar, iş adamları iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə rəmzi lent kəsilib.
SOCAR AQŞ-nin Ankara ofisində ilk tədbir 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr edilib.
Əvvəlcə SOCAR AQŞ-nin baş direktorunun müşaviri Sənubər Nəzərova Azərbaycanın neft sənayesi tarixi, dənizdə neftçıxarma, neftçı kadrların hazırlanması, o cümlədən təmsil etdiyi qurumun yaranması, iş istiqamətləri, məqsəd və vəzifələri, Türkiyədəki fəaliyyəti barədə geniş məlumat verib.
Sonra Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, SOCAR AQŞ-nin baş direktoru Ramin İsayev, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri Necdət Ünivar, SOCAR AQŞ-nin baş direktorunun müşaviri Tofiq Məhəmmədov və digərlərinin çıxışları olub.
Səfir Xəzər İbrahim bildirib ki, SOCAR AQŞ-nin Ankara ofisinin 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günündə açılması özündə böyük rəmzi məna əks etdirir. Çünki müstəqilliyimizin qorunmasında və ölkəmizin hərtərəfli inkişafında neft strategiyası tarixi əhəmiyyət daşıyır. Səfir diqqətə çatdırıb ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatının oktyabrın 15-də Bakıda keçirilən VII Zirvə Görüşündə qəbul olunan qərarlar, qurumun sıralarının genişlənməsi və digər mühüm məqamlar türk dünyasının birliyinin möhkəmlənməsinə, o cümlədən Türk Şurasına üzv ölkələrin milli şirkətlərin fəaliyyətinin yüksəlişinə böyük təsir göstərəcək.
SOCAR AQŞ-nin baş direktoru Ramin İsayev qeyd edib ki, Azərbaycan hökuməti məqsədli şəkildə sənayeni modernləşdirmək strategiyası həyata keçirir və milli şirkətlərin ölkə xaricində fəaliyyət göstərməsinə əsaslı zəminlər yaradır. Rəhbərlik etdiyi qurumun fəaliyyətindən geniş bəhs edən baş direktor bildirib ki, SOCAR AQŞ iş imkanlarını cəmləşdirərək, eyni zamanda, Türkiyədəki biznes tərəfdaşları ilə bir yerdə çalışmaq üçün qardaş ölkədə başladığı layihəni müvəffəqiyyətlə başa çatdıracaq.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri Necdət Ünivar çıxışında Azərbaycanın neft strategiyasının ortaya çıxardığı iqtisadi layihələrə, perspektivdə olan məsələlərə geniş yer verib. Natiq ölkəmizin iqtisadi inkişafı, iki qardaş ölkənin tarixi münasibətlərinin dinamik vəziyyəti barədə xoş ifadələr səsləndirib. O deyib ki, Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasından tutmuş son günlər baş verən bütün proseslərdə xalqlarımızın nümayiş etdirdiyi birlik əbədiyyətə qədər davam edəcək.
Baş direktorun müşaviri Tofiq Məhəmmədov SOCAR AQŞ-nin fəaliyyətini yüksək dəyərləndirərək bayram təbriklərini bölüşüb. O qeyd edib ki, SOCAR AQŞ-nin peşəkar və vətənpərvər kollektivi Türkiyədəki fəaliyyəti ilə göstərilən etimadı tam şəkildə doğruldacaqdır.
Çıxışlarda ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi neft strategiyasının uğurlarından, reallaşan və perspektivdə olan beynəlxalq iqtisadi layihələrdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişafdan, o cümlədən Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən danışılıb. Qeyd olunub ki, Azərbaycan neft sənayesi ölkəsi olmaqla bərabər güclü neftçi kadrları ilə də dünya iqtisadiyyatının inkişafına töhfələr verib. Ayrı-ayrı ölkələrdə karbohidrogen ehtiyatlarının kəşf edilməsində Azərbaycan neftçilərinin misilsiz xidmətləri vardır. Dövlət müstəqilliyimiz münasibətilə səmimi təbriklərini çatdıran natiqlər SOCAR AQŞ-nin fəaliyyətinə uğurlar arzulayıblar.

 

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

İqtisadiyyat 2019-10-19 01:08:00