×
A
A
A
Sazlamalar

Çin Azərbaycanı etibarlı dost və mühüm tərəfdaş hesab edir

Bakı, 18 oktyabr, Əziz Məmmədov, Nihad Budaqov, AZƏRTAC
Çin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir və Azərbaycanı etibarlı dost və mühüm tərəfdaş hesab edir, Azərbaycan tərəfindən uzun illər ərzində əsası qoyulan siyasi qarşılıqlı etimadın səviyyəsini yüksək dəyərləndirir. Hazırda Çin-Azərbaycan münasibətləri öz inkişafı tarixində ən yaxşı dövrünü yaşayır. Azərbaycanda Çin səfiri qismində mən dərindən hiss edirəm ki, qarşımda mühüm və şərəfli missiya, eyni zamanda, böyük məsuliyyət durur. Mən iki ölkənin rəhbərləri tərəfindən əldə olunan mühüm razılaşmaları tam şəkildə icra etməkdən və iki ölkənin xalqının rifahı naminə Çin və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsindən ötrü Azərbaycanın müxtəlif sosial dairələrindən olan təmsilçiləri ilə işləməyə hazıram.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri xanım Qo Min bu gün Çin səfirliyində Azərbaycanın aparıcı KİV-lərinin təmsilçiləri ilə keçirdiyi görüşdə bildirib.
Onun sözlərinə görə, indiyədək Çin Azərbaycan tərəfinə iqtisadiyyat və ticarət sahəsində 22 layihənin icra olunması üçün 500 milyon yuandan artıq təmənnasız yardım edib. Səfir deyib: “Bu ilin avqustunun sonuna Çin və Azərbaycan arasında əmtəə dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 104,64 faiz artaraq, 1,543 milyard ABŞ dollarına çatıb və tarixdə rekord səviyyəyə nail olunub. Cari ilin iyun ayının sonunda Çin Azərbaycanda neft və təbii qaz hasilatı sahəsinə ümumilikdə 800 milyon ABŞ dollarından çox sərmayə qoyub. Növbəti ay Azərbaycan tərəfi 100 nəfərdən çox tərkibdə nümayəndə heyətini Şanxaya, II Çin Beynəlxalq İdxal sərgisinə iştirak üçün göndərəcək. Mən əminəm ki, Azərbaycan şərabları, çərəzləri, balı, mürəbbələri və digər yüksəkkeyfiyyətli məhsulları Çin bazarına daxil olacaq. Çin təhsil sahəsində Azərbaycanın hökumət təqaüdçüləri üçün kvota yerlərini ildə 50 nəfərdən 70 nəfərədək artırıb, 2020-ci ildən isə onların sayının 100 nəfərə çatdırılacağı gözlənilir. Bakıda iki Konfutsi İnstitutu açıldığı andan 4 min azərbaycanlı tələbə Çin dili və Çin mədəniyyətini öyrənir və öyrədirlər. Çin və Azərbaycan iqtisadiyyat və ticarət investisiyaları, energetika, kənd təsərrüfatı və s. kimi sahələrdə əməkdaşlıq üçün böyük potensiala malikdirlər. Gələcəkdə Çin Azərbaycanla birgə enerji ehtiyatlarının kəşfiyyatında və istehsalında, şəbəkə və informasiya texnologiyaları üçün infrastruktur tikilməsində, kənd təsərrüfatı məhsullarının ixracı sahələrində əməkdaşlığı dərinləşdirməyə hazırdır. Çin ümid edir ki, Azərbaycan hökuməti Çin şirkətlərinə Azərbaycana sərmayə yatırmaq üçün daha əlverişli şərait yaradacaq”.
Çin səfiri qeyd edib ki, uzun illər ərzində Çin və Azərbaycan Birləşmiş Millətlər Təşkilatı və Şanxay Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində sıx qarşılıqlı fəaliyyət göstərir, hər iki tərəfin əsaslı maraqlarını və mühüm qayğılarını nümayiş etdirən məsələlərdə bir-birini qəti şəkildə dəstəkləyir, iki ölkənin başlıca maraqlarını birgə müdafiə edir. Qo Min deyib: “Çin Azərbaycan tərəfini yüksək dəyərləndirir və fəal şəkildə dəstəkləyir, beynəlxalq əməkdaşlığı dərinləşdirməyə, informasiya mübadiləsinə və vəziyyəti iki ölkənin və bütün inkişaf etməkdə olan ölkələrin marağına uyğun nizama salmağa hazırdır. Çin və Azərbaycan İpək Yolu üzərində qədim sivilizasiyalardır. ÇXR-in Sədri Si Cinpin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi “Qədim İpək Yolunun bərpası” strategiyası ilə yaxşı uyğunlaşır. Azərbaycan “Bir kəmər, bir yol” layihəsinə reaksiya verən və icrasında fəal iştirak edən ilk ölkələrdən biridir. 2015-ci ildə ölkələrimiz arasında bu sahədə əməkdaşlıq barədə sənəd imzalanıb. Prezident İlham Əliyev qeyd edib ki, transsərhəd daşımalarının potensialının üzə çıxarılması və Çindən Londona qədər İpək Yolunun bərpa olunması Azərbaycanın strateji məqsədidir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyası və Çin İctimai Elmlər Akademiyası İpək Yolu Tədqiqat Mərkəzinin yaradılması üzərində birgə fəaliyyət göstərirlər”.
Səmimi və dostluq şəraitində keçən görüş zamanı Azərbaycanın və Çinin mediastrukturları arasında əməkdaşlığın gücləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Görüşün sonunda xatirə şəkilləri çəkdirilib.

Siyasət 2019-10-18 23:03:00