×
A
A
A
Sazlamalar

Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasının sədri bölgələrdə vətəndaşları qəbul edib

Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıq və tövsiyələri daim diqqət mərkəzində saxlanılır.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, oktyabrın 18-də Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasının sədri Hikmət Mirzəyev Masallı Rayon Məhkəməsinin inzibati binasında vətəndaşların qəbulunu keçirib.
Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Masallı şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb. Bəzi müraciətlər üzrə isə Ali Məhkəmənin aparatının qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Müraciətlərin əksəriyyəti məhkəmələrin fəaliyyəti ilə bağlı olub.
Vətəndaşlar onların əlverişli şəraitdə qəbulundan və müraciətlərinə həssaslıqla yanaşılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sosial 2019-10-18 22:36:00