×
A
A
A
Sazlamalar

“Oyun Karvanı Azərbaycanda” layihəsinə start verilib

Bakı, 18 oktyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Türkiyə Uşaq Oyunları və İdman Klubları Federasiyası, Azərbaycan Məktəb İdmanları Federasiyası, Azərbaycan İdman Könüllüləri və Mehriban Dost layihəsinin təşkilati dəstəyi ilə “Oyun Karvanı Azərbaycanda” layihəsinə start verilib.
“Azərbaycan İdman Könüllüləri” İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, bu layihə Azərbaycanda ənənəvi uşaq oyunlarının yenidən inkişafına təkan verəcək.
Ölkəmizin 7 rayonunu əhatə edən “Oyun Karvanı Azərbaycanda” layihəsinə “Sərhədçi” İdman Olimpiya Kompleksində keçirilən açılış mərasimi ilə start verilib. Tədbirdə Azərbaycan və Türkiyə rəsmiləri, media nümayəndələri, gənclər iştirak ediblər.
Türkiyə Uşaq Oyunları və İdman Klubları Federasiyasının prezidenti Mehmet Mutlu tədbiri açıq elan edərək bildirib ki, federasiyanın məqsədi uşaqları sevindirmək, qardaş ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verməkdir: “Biz Türkiyədə “Oyun Karvanı Azərbaycanda” adlı sosial layihə həyata keçiririk və bölgələri gəzirik. Uşaqlarımızla milli oyunları oynayırıq. Onlar çox sevinirlər. Biz də düşündük ki, bu ildən Azərbaycanda da bu festivalı keçirək və buradakı uşaqları sevindirək. Bu işdə federasiyamıza dəstək olan hər kəsə təşəkkür edirik”.
Gənclər və İdman Nazirliyinin nümayəndəsi Oruc Məmmədli bildirib ki, bu layihə Azərbaycanın və Türkiyənin uşaqları, yeniyetmələri arasında dostluğu, qardaşlığı möhkəmləndirəcək. Oyun karvanı bölgələrimizi gəzəcək. Lənkəranda, Şəkidə, Qəbələdə, Gəncədə, Qazaxda tədbirlər davam etdiriləcək.
Azərbaycan Məktəb İdmanları Federasiyasının prezidenti, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: “Hər insan həyatında bu oyunları oynayaraq böyüyür. Bu gün Türkiyə Uşaq Oyunları və İdman Klubları Federasiyası ilə Azərbaycan Məktəb İdmanları Federasiyası arasında memorandum imzalanacaq. Düşünürəm ki, gələcək illərdə daha geniş şəkildə fəaliyyət göstərəcəyik. Bu, Türkiyə-Azərbaycan dostluğunun daha da inkişafına zəmin yaradacaq”.
Sonra tədbir iştirakçıları uşaqlarla bərabər oyunlar oynayıblar.
Sonda Türkiyə Uşaq Oyunları və İdman Klubları Federasiyasının prezidenti Mehmet Mutlu ilə Azərbaycan Məktəb İdmanları Federasiyasının prezidenti Sevinc Hüseynova memorandum imzalayıb.
Qeyd edək ki, tədbir ölkənin 7 rayonunda keçiriləcək və oktyabrın 24-də Qazaxda başa çatacaq.

İdman 2019-10-18 20:37:00