×
A
A
A
Sazlamalar

Sosial islahatlar Azərbaycan Prezidentinin vətəndaşlara olan diqqət və qayğısının təzahürüdür

Bakı, 18 oktyabr, AZƏRTAC

“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun təhlükəsizliyi, xoşbəxtliyi dayanır” bəyanatının əməli şəkildə təsdiqinə çevrilən sosial proqramların vaxtında və tam icra edilməsi, sosialyönümlü layihələrin reallaşdırılması ölkəmizi dünyada nüfuzlu sosial dövlət kimi tanıdıb.
Bu fikri AZƏRTAC-a açıqlamasında YAP Səbail rayon təşkilatının sədr müavini, politoloq Arzuman Muradlı bildirib.
Oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən sosial paket layihələrinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, 4,2 milyon nəfəri əhatə edən layihə nəticəsində insanların minimum əməkhaqqı, pensiyaları artıb, onların maddi rifah halı yaxşılaşıb. Sosial layihənin həyata keçirilməsi üçün milyardlarla manat vəsait xərcləndiyini qeyd edən dövlətimizin başçısı vurğulayıb ki, bundan sonra da davamlı olaraq əhalinin əməkhaqları və pensiyası artırılacaq, bu istiqamətdə islahatlar davam etdiriləcək. Buna nail olmaq üçün bütün maliyyə və iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir. Hazırda kifayət qədər çox ehtiyatlarımız var və hökumət qarşısında vəzifə qoyulub ki, biz bütün bu ehtiyatları aşkarlayaq və həm büdcə gəlirlərimizi artıraq, həm də büdcə xərclərimiz məqsədyönlü və şəffaf olmalıdır.
Əhalinin gəlirlərinin inflyasiyanı əhəmiyyətli dərəcədə üstələdiyini vurğulayan dövlətimizin başçısı, həmçinin minimum pensiyanın alıcılıq qabiliyyəti səviyyəsinə görə Azərbaycanın bu gün MDB məkanında birinci yerdə olduğunu, orta aylıq pensiyanın həcminə görə isə üçüncü yerdə qərarlaşdığını diqqətə çatdırıb.
Politoloq deyib ki, əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin istehlak tələbinə uyğun artırılması və indeksləşdirilməsi, əhalinin real gəlirlərinin bazar səviyyəsinə uyğunlaşdırılması, aztəminatlı insanların, tələbələrin, əlillərin, şəhid ailələri və veteranların sosial müdafiəsinin təşkili, sosial sığorta qaydalarının, ünvanlı sosial yardım, pensiya sisteminin təkmilləşdirilməsi, bu sahədə artımlar Azərbaycan dövlətinin çoxşaxəli sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir. Ölkədə sosial sahədə görülən işlərin miqyasını təsəvvür etmək üçün təkcə maaş və pensiyaların, o cümlədən minimum əməkhaqqının son 16 ildə bir neçə dəfə artırıldığına nəzər salmaq kifayətdir.
Prezident İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 2019-cu il 18 iyun tarixli Sərəncamına əsasən minimum əməkhaqqı 250 manat məbləğində müəyyənləşdirilib. Qeyd edək ki, minimum aylıq əməkhaqqı indiyədək 180 manat idi. Ölkə rəhbərinin bir sıra dövlət qurumlarının əməkdaşlarının maaşlarının artırılması ilə bağlı imzaladığı müvafiq sərəncamlar sentyabrın 1-dən qüvvəyə minib. Bu, artıq cari il ərzində dövlət başçısının tapşırığı ilə minimum əməkhaqqında edilən ikinci ciddi artımdır. Belə ki, hələ cari ilin ilk aylarında minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılmışdı. Göründüyü kimi, təkcə bu il ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılmasına nail olunub ki, bu da mühüm sosial uğur kimi əhalinin rifahına ciddi dəstək deməkdir.
Politoloqun fikrincə, sosial sahə üzrə görülən işlər, bir tərəfdən Azərbaycan dövlətinin gücünü, digər tərəfdən də Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün siyasəti bir daha təsdiqləyir. Bu siyasət təkcə maaşların, pensiyaların, təqaüd və müavinətlərin artırılması ilə ifadə olunmur. Qarşıda duran ən mühüm məsələlərdən biri də yeni iş yerlərinin yaradılmasıdır və bu proses uğurla davam etdirilir. Son 16 ildə 2 milyon yeni iş yeri yaradılıb. Prezident İlham Əliyev iş yerlərinin yaradılmasının daimi proses olmasını prioritetlərdən biri kimi elan edib.
“Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Azərbaycan hakimiyyətinin yürütdüyü sosial siyasət həqiqətən də inqilabi xarakter daşıyır. Bu, ilk növbədə, Prezidentin, dövlətin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür”, – deyə A.Muradlı bildirib.

Cəmiyyət 2019-10-18 18:50:00