×
A
A
A
Sazlamalar

I Dünya Çimərlik Oyunlarının medalları 40 ölkə arasında bölüşdürülüb

Azərbaycan Dünya Çimərlik Oyunlarında 17-ci yeri tutub

Bakı, 18 oktyabr, AZƏRTAC
Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) himayəsi ilə Qətərin paytaxtında keçirilən I Dünya Çimərlik Oyunları başa çatıb.
AZƏRTAC xəbər verir ki, yarışlarda 97 ölkədən 1237 atlet iştirak edib. 40 dövlətin nümayəndələri vətənə medalla dönürlər.
Ümumkomanda hesabında İspaniya qalib gəlib. Bu ölkənin idmançıları 7 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Ümumi uğuru ispanların akvatlon və karatedə (kata) üstünlüyü müəyyən edib. İspan atletlər çimərlik idmanının bu iki növündə yüksək mükafatların maksimum mümkün sayını (5) udublar.
Dohaya daha çox – 77 idmançı göndərmiş Braziliya ikinci yeri tutub (5-4-3). Onun ardınca italyan idmançılar gəlir (4-1-1).
Azərbaycan medal hesabında 17-ci yeri tutub: 0-4-1.
Akvatlon üzrə yarışda Kseniya Levkovskaya ikinci yeri, Rostislav Pevtsov bürünc medal qazanıb. Sonra Levkovskaya və Pevtsov birlikdə estafetdə ikinci olublar. Güləşçilər Pənah İlyaslı (70 kq) və İbrahim Yusifov (80 kq) da ikinci nəticə göstəriblər.
Növbəti Dünya Çimərlik Oyunları 2021-ci ildə keçiriləcək.

İdman 2019-10-18 17:58:00