×
A
A
A
Sazlamalar

FHN işçilərinin Həmkarlar İttifaqı Dövlət Müstəqilliyi Günü münasibətilə “İzotop” xüsusi kombinatında tədbir keçirib

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin “İzotop” xüsusi kombinatında 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, “İzotop” Xüsusi Kombinatının direktoru Fikrət Aslanov və kombinatının əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan kombinatının direktoru Fikrət Aslanov xalqımızın gələcək taleyində dövlət müstəqilliyimizin yenidən bərpasının xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, belə bir tədbirin təşkil edilməsinə görə FHN işçilərinin Həmkarlar İttifaqına kombinatın kollektivi adından təşəkkürünü bildirib.
FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək ilk olaraq bu əlamətdar gün münasibətilə kombinatın bütün əməkdaşlarını təbrik edib.
Mehman İsmayılov qeyd edib ki, 28 il əvvəl bu gün Azərbaycan Respublikasının Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Müstəqilliyinin ilk illərində ölkəmiz xeyli çətinliklərlə üzləşsə də, 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz edib. M.İsmayılov bildirib ki, dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə edib. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtarıb. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırıb. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutub. Natiq vurğulayıb ki, Azərbaycanı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisi elan edən ümummilli lider Heydər Əliyev müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başlayıb. Ulu Öndərin yorulmaz səyləri nəticəsində qısa müddətdə Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəlib. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz edib.
Ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizin qorunub saxlanması yolundakı misilsiz xidmətlərindən bəhs edən İttifaq sədri deyib ki, 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl olub.
İttifaq sədri daha sonra çıxışında Prezident İlham Əliyevin müstəqilliyimizin möhkəmlənməsi, dövlətimizin inkişafı və xalqımızın rifah halının yüksəldilməsi yolunda həyata keçirdiyi uğurlu siyasətdən geniş bəhs edərək bildirib ki, Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin nəticələrinə arxalanaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə nəzərəçarpan tərəqqi əldə edib. Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Dövlətimizin başçısının həyata keçirdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı özünün inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə durur.
Tədbir başa çatdıqdan sonra “İzotop” xüsusi kombinatında ağacəkmə xeyriyyə aksiyası keçirilib.

Sosial 2019-10-18 16:40:00