×
A
A
A
Sazlamalar

Rabatda Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Rabat, 18 oktyabr, AZƏRTAC

Azərbaycanın Mərakeşdəki səfirliyində 18 oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə rəsmi qəbul təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Mərakeş rəsmiləri və ISESKO daxil olmaqla beynəlxalq təşkilatların nümayəndələri, Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, jurnalistlər, yerli incəsənət xadimləri, iş adamları iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Oktay Qurbanov bildirib ki, Ali Sovetin 1991-ci il avqustun 30-da xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə, Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edilib.
Səfir həmin il dekabrın 29-da keçirilmiş ümumxalq səsvermədə Azərbaycan xalqının yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdığını vurğuladı. 1992-ci ilin əvvəllərində Azərbaycan Birləşmiş Millətlər Təşkilatı tərəfindən müstəqil bir dövlət kimi tanınıb, həmçinin bir çox dövlətlər tərəfindən Azərbaycanın dövlət müstəqilliyi tanınıb. Azərbaycan səfiri 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər, xarici siyasətdə atılan məqsədyönlü addımlar barədə bəhs edib, ölkəmizin müstəqilliyinin əbədiliyi və dönməzliyinin ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu vurğulayıb.
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər nəticəsində Azərbaycanın beynəlxalq arenada böyük nüfuza malik bir ölkəyə çevirildiyini bildirən səfir deyib ki, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu.
Oktay Qurbanov ulu öndər Heydər Əliyev irsinə və xarici siyasət kursuna sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyinin qorunması və qüdrətlənməsi naminə ölkədə görülən işlər, demokratik və iqtisadi islahatlar barədə danışıb.
Azərbaycan-Mərakeş ikitərəfli münasibətlərinə toxunan diplomat ölkələrimiz arasında siyasi münasibətlərin və qarşılıqlı anlaşmanın yüksək səviyyədə olduğunu, BMT və İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.
Səfir Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO və ISESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xalqımızın ictimai-siyasi həyatında rolu, dövlətin tərəqqisi naminə çoxşaxəli fəaliyyətindən bəhs edib.
Tədbirdə çıxış edən Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin sədr müavini Məhəmməd Faqiri dövlət müstəqilliyinin əldə edilməsinin Azərbaycan xalqının tarixi nailiyyəti olduğunu bildirib. O, hərbi təcavüzlə üzləşən Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu vurğulayıb.


Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat

Siyasət 2019-10-18 15:58:00