×
A
A
A
Sazlamalar

Bakıda VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu keçirilib

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Türkiyənin Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar Birliyi və digər qurumların birgə təşkilatçılığı ilə VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu keçirilib. Builki simpozium “Uşaq musiqisi, uşaq nəğmələri, laylalar və bəstələnmiş uşaq şeirləri” mövzusuna həsr olunub. Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Elmi Kitabxananın foyesində uşaq rəsmləri və uşaq ədəbiyyatı nəşrlərindən ibarət sərgiyə baxıblar.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Elmi Kitabxananın konfrans zalında keçirilən tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq simpoziuma bir sıra qurumların böyük maraq göstərdiyini deyib. Simpoziuma Türkiyə, Rusiya, Qazaxıstan, Makedoniya, Pakistan və digər ölkələrdən qonaqların qatıldığını deyən akademik bugünkü tədbirin Azərbaycanın dövlət müstəqilliyinin ildönümünə təsadüf etdiyini bildirib. Vurğulayıb ki, Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində aparıcı ölkələrdən birinə çevrilmiş müstəqil Azərbaycanda yeni nəslin yetişdirilməsi qarşımıza qoyulan dövlət səviyyəli əsas problemlərdən biridir. Yeni nəslin hazırlanmasında isə uşaq ədəbiyyatı, musiqisi, folkloru, təsviri incəsənəti əsas amillərdən biridir. Bu işin elmi müstəvidə öyrənilməsi üçün uşaq ədəbiyyatının inkişafına təkan verilməlidir. Müstəqillik dövrünün yeni tipli uşaq ədəbiyyatı yaranmalıdır.
Azərbaycan uşaq ədəbiyyatının yaranma tarixi və inkişaf mərhələlərinə nəzər salan akademik ölkəmizdə müvafiq sahənin zəngin ənənələri olduğunu deyib. Qeyd edib ki, istər XX əsrin əvvəllərində, istərsə də sovet dövründə yaradılmış Azərbaycan uşaq ədəbiyyatı nümunələri dünya uşaq ədəbiyyatı xəzinəsinin nadir inciləridir.
İsa Həbibbəyli müstəqillik dövrü uşaq ədəbiyyatının hədəfləri və problemlərindən də danışıb, Ədəbiyyat İnstitutunda bu sahənin öyrənilməsi istiqamətində mühüm işlər görüldüyünü, o cümlədən Uşaq ədəbiyyatı şöbəsinin yaradıldığını diqqətə çatdırıb. Uşaq ədəbiyyatının xüsusi əhəmiyyət kəsb etdiyini, bu məsələnin müzakirəsinə böyük ehtiyac duyulduğunu deyən akademik simpoziumun alimlərin, yazıçı və naşirlərin öz fikir və mülahizələrini söyləmək, problemdən çıxış yolu tapmaq üçün əlverişli platforma olacağını qeyd edib.
Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar Birliyinin İdarə Heyətinin sədri Bican Veysəl Yıldız Azərbaycanda təşkil edilən bu simpoziumun faydalı cəhətlərindən danışıb. O deyib: “Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar Birliyi olaraq türk və İslam dünyasının uşaq ədəbiyyatı nümunələrinin toplanıb nəşr edilməsini həyata keçiririk. Ancaq bu, əsas amalımız deyil. Əsas amalımız uşaqların zehninə milli duyğu və düşüncə, vətənpərvərlik ruhunu hopdurmaqdır”. Bican Veysəl Yıldız məlumat verib ki, təmsil etdiyi qurum 2013-cü ildə yaradılıb, ilk konfransını 2014-cü ildə gerçəkləşdirib. “Biz türklər Azərbaycandan danışarkən “Can Azərbaycan” deyərik. Bu səbəbdən də ilk xarici simpoziumumuzu Azərbaycanda təşkil etdik”, - deyə türkiyəli qonaq bildirib.
İsa Həbibbəyli uşaq ədəbiyyatının təbliği istiqamətində böyük xidməti olan Bican Veysəl Yıldızı Ədəbiyyat İnstitutunun elmi şurasının “Ədəbiyyatşünaslığa dəstək” diplomu ilə təltif edib. Qonaq isə simpoziumun təşkilində xidmətlərinə görə fərqlənən şəxslərə təmsil etdiyi qurumun mükafatlarını təqdim edib.
Sonra Azərbaycan Milli Konservatoriyasının Gənclər Xorunun ifasında iki mahnı səsləndirilib.
Tədbirin təşkilatçılardan biri olan Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Hüseynova çıxış edərək simpoziumun davamı kimi gənclər xorunun konserti olacağını bildirib.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə deyib: “Təşkilatçılar sırasında bizim institutun da töhfə verməsi sevindiricidir. Simpoziumun açılışı institutumuza məxsus rəsm əsərlərindən ibarət sərgi ilə başladı”.
Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Elnarə Akimova şöbənin yaranmasının bir ilinin dekabr ayında tamam olacağına baxmayaraq, artıq ortada nəzərəçarpan nəticələr olduğunu qeyd edib.
Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar Birliyinin Azərbaycan təmsilçisi, filologiya üzrə elmləri doktoru Mərziyyə Nəcəfova təşkilatçılar adından iştirakçılara minnətdarlığını bildirib.
Simpoziumda pakistanlı Abdul Fareed Brohi və Şimali Kiprdən Esra Kan çıxış ediblər. Həmçinin Azərbaycan şairlərindən Zahid Xəlil, Yusif Nəğməkar, Qəşəm İsabəyli, İbrahim Yusifoğlu və Sevinc Nuruqızı uşaq ədəbiyyatına aid şeirlərindən nümunələr oxuyublar.
Tədbirdə uşaqların nümayəndəsi olaraq Məmmədhəsən Məmmədov Cabir Novruzun “Kaş millətdə ruh yaşasın” şeirini səsləndirib.
Simpozium bölmə iclaslarında davam edib.

Elm və təhsil 2019-10-18 14:42:00