×
A
A
A
Sazlamalar

Məktəblilərə yanğın təhlükəsizliyi qaydaları haqqında məlumat verilib

Bakı, 18 oktyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzinin əməkdaşları ilə birgə paytaxtın Nizami rayon 70 nömrəli tam orta məktəbində maarifləndirmə tədbiri keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xəttinə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzularında fotoslaydlar təqdim edilərək yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.
Toplantıda, eyni zamanda, ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi (təxliyə) planlarının və hər bir sinif otağı üçün yanğın təhlükəsizliyi qaydalarına aid yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılmasının vacibliyi diqqətə çatdırılıb.
Tədbirdə, həmçinin pilləkən qəfəsliklərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına (hovuzlar, kəmərlər, çənlər, hidrantlar) qayğı ilə yanaşılmasının zəruriliyi də qeyd olunub.
Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri, bukletlər tədbir iştirakçılarına paylanıb.

Sosial 2019-10-18 15:04:00