×
A
A
A
Sazlamalar

“Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda dəyirmi masa keçirilib

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda dəyirmi masa təşkil edilib.
AZƏRTAC xəbər verir, Mərkəzin sədri Fərid Şəfiyev Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasının sessiyasındakı qətiyyətli çıxışını xatırlatdı. O, dövlət başçısının çıxışının gündəmə çevrildiyini qeyd edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında hər kəsin fəal olmasının önəmini vurğuladı. “Azərbaycan Prezidentinin Soçidəki çıxışı hər birimiz üçün çağırışdır. Biz vahid platformadan çıxış etməliyik”, – deyə sədr bildirdi.
Fərid Şəfiyev hər kəsi dövlətimiz, xalqımız üçün vacib məsələdə bir daha fəal olmağa çağırdı. O, beynəlxalq münasibətlər sahəsi üzrə siyasətçilər və ekspertlər şəbəkəsinin yaradılmasını təklif etdi. Əlavə etdi ki, şəbəkənin yaradılması qlobal və regional kontekstdə baş verən siyasi-iqtisadi proseslər, eləcə də müasir beynəlxalq münasibətlər sistemindəki aktual məsələlər üzrə müzakirə və fikir mübadiləsi aparmaq, konkret mövzular üzrə dinləmələr keçirmək, beynəlxalq müstəvidə baş verən hadisələrlə bağlı ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyır.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev çıxış edərək dedi ki, icma fəaliyyətini aktiv şəkildə davam etdirərək istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə intensiv görüşlər təşkil edir. ATƏT-in Minsk qrupunun həmsədrləri ilə iki görüş keçirdiklərini və sonuncu görüşün də dünən baş tutduğunu xatırladan icma rəhbəri deyib: “ATƏT-in həmsədrlərinin bizimlə görüşü ermənilərin böyük narahatlığına səbəb olub. Onlar Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə görüş barədə məlumatın həmsədrlərin bəyanatında qeyd olunmasını həzm edə bilmirlər. Biz dünən həmsədrlərə görüşümüzdə bütün tələblərimizi, istəklərimizi çatdırdıq. Qeyd etdik ki, erməni icması ilə görüş və dialoq üçün dəfələrlə müraciət etmişik. Ancaq erməni icması buna hələ də reaksiya verməyib. Bütün beynəlxalq ictimaiyyət qəbul edir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində əvvəl-axır iki icma bir yerdə yaşamalıdır. Bunu erməni icması da gözəl başa düşür. Ancaq onların bizimlə birgə yaşamaq istəməməsi qeyri-konstruktiv mövqedən başqa bir şey deyil.
Tədbir mövzu ətrafında müzakirələrlə davam etdi.

Daxili siyasət 2019-10-18 13:58:00