×
A
A
A
Sazlamalar

Elşad Qurbanov: Bir gün ərzində 650 min ağac əkilməsi ekoloji tarazlığın bərpasında mühüm rol oynayacaq

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdə 650 min ağacın əkilməsi ilə bağlı təşəbbüsü şairin irsinin daha geniş təbliğinə və xatirəsinin əbədiləşdirilməsinə böyük töhfədir. Əkiləcək ağaclar, salınacaq bağlar, parklar ölkəmizdə ekoloji mühitin daha da sağlamlaşdırılmasına müsbət təsir göstərəcək.
Bu fikri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov deyib. O qeyd edib ki, yaşıllıq şəhər və kəndlərə, təbiətə gözəllik verir, insanların əhvali-ruhiyyəsini yaxşılaşdırır, onların əmək qabiliyyətini artırır. Yaşıllıqlar hava məkanının sağlamlaşdırılmasında, iqlimin yaxşılaşdırılmasında böyük əhəmiyyət kəsb edir. Məlumdur ki, insanların təbiətlə qarşılıqlı ünsiyyətdə olmasında yaşıllıq-landşaft ən güclü, faydalı amildir. Şəhər və kəndlərin yaşıllaşdırılmasında bir çox dekorativ bitkilərdən istifadə landşaft memarlığı ilə yanaşı, həm də insanların istirahətinin təşkilində əsas amildir. Bu tip yaşıllıqlar genofondun mühafizəsində, biomüxtəlifliyin qorunub saxlanılmasında və artırılmasında, ekoloji tarazlığın bərpasında mühüm rol oynayır. Bitkilər həm də insanlar üçün estetik zövq mənbəyidir.
Şəhər və rayonların yaşıllaşdırılmasında həmişəyaşıl ağaclardan şam, sərv, tuya, küknar, yarpağını tökən bitkilərdən ağcaqayın, cökə, tozağacı, vələs cinsinə aid növlər ətraf mühit çirkləndiricilərinin neytrallaşdırılmasında böyük rol oynayır. Tərkibində monoterpenlər olan iynəyarpaqlı (şam, sərv, küknar, ardıc) və xırdayarpaqlı cökə bitkisinin uçucu fitonsidləri kükürd qazını neytrallaşdırır. Bitkilər tərəfindən buraxılan uçucu fitonsidlərin ziyanlı qazların miqdarının azaldılmasında, bakteriyaların, mikroskopik göbələklərin və ibtidai orqanizmlərin məhv edilməsində əhəmiyyəti çoxdur.
Ağac və kol bitkiləri qədimdən havanın çirklənməsinə qarşı etibarlı və yoxlanılmış qoruyucu vasitə hesab edilir. Ağacları, meşələri haqlı olaraq “təbiətin ağciyəri” adlandırırlar. Əlbəttə ki, bitkilər şəhər və kəndləri bəzəyir, ancaq ilk növbədə onlar ətraf mühitin sağlamlaşdırılması işində mühüm rol oynayır. Bitkilər havanı oksigenlə zənginləşdirir və karbon qazını udur. Ağaclar əkilən sahənin hər hektarından bir ildə insan üçün xeyirli olan 30 kiloqrama qədər efir yağı buraxılır. Bir hektar sahədə antropogen fəaliyyət nəticəsində bir saat ərzində 200 kiloqram buraxılan karbon qazını ağac və kollar udur. Yaşıl massivlərdə hər ağac orta miqdarla bir il ərzində 30-40 kiloqram, böyük çətiri olan ağac isə 68 kiloqrama qədər toz və digər bərk hissəciklər udur. Orta ölçülü bir ağac gün ərzində üç adamın tənəffüsü üçün lazım olan miqdarda sərbəst oksigen sintez edir. Ağac və kol bitkiləri havanı tullantı qazlardan təmizləyir, həm də səs və küy udma xüsusiyyətinə malik olduğu üçün şəhərin səs fonunu yaxşı tənzimləyir, insan üçün ziyanlı səsləri tənzimləyir. Həmişəyaşıl şam, tuya, sərv, birgöz, küknar, ağ şam, cökə, vələs ağacları daha yaxşı produsent hesab edilir. İynəyarpaqlı ağac və kollardan şam, sərv, küknar və tuya cinslərinə aid növlər digər bitkilərlə müqayisədə səs rejimini yaxşı tənzimləyir. Bakı şəhərində bəzən yeni tikilən evlər açıq sahələrdə yerləşir ki, Xəzərin küləkləri burada yeni əkilmiş ağac və kollara ciddi ziyan vurur. Nəticədə küləyin təsirinə məruz qalan bəzi ağac və kollar deformasiyaya uğrayır. Bakının sərt küləkləri bəzən hündür çoxillik ağacları da sındırır. Belə sahələrdə kök sistemi dərinə gedən ağac və kollar əkməklə bütün ərazini bu tip küləklərdən qorumaq olar. Həmçinin bitkilərin kiçik qruplaşmalarını yaradaraq elə seçmək olar ki, daha davamlı növlər zəif növləri küləkdən və mühitin digər əlverişsiz amillərindən qorusun.
Prezident İlham Əliyev 2010-cu ili “Ekologiya ili” elan etdikdən sonra ölkəmizdə külli miqdarda ağac əkilib və bu tendensiya davam etdirilir. Bağ salmaq, ağac əkmək, ümumiyyətlə, ətrafı yaşıllıq aləminə qərq etmək ata-babalarımızın adəti olub. Hər bir insan çalışmalıdır ki, həyatı boyu ağac əkib becərsin.
Elşad Qurbanov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Nəsiminin yubileyi münasibətilə 650 min ağacəkmə təşəbbüsünün ölkəmiz və dünyamız üçün böyük əhəmiyyəti olduğunu bir daha vurğulayıb.

Elm və təhsil 2019-10-18 14:02:00