×
A
A
A
Sazlamalar

Azərbaycanda “Yol Polisinə dəstək” qrupları yaradılıb

Bakı, 18 oktyabr, AZƏRTAC 

“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində ictimai iştirakçılığın müxtəlif formalarından, o cümlədən vətəndaş cəmiyyəti institutlarının imkanlarından səmərəli istifadə edilməsi, habelə aktiv həyat tərzi sürən, ictimai fəallığı ilə fərqlənən ayrı-ayrı şəxslərin təbliğatçı qismində cəlb edilməsi kimi məsələlərin həlli ilə bağlı qarşıya qoyulmuş məqsədlərə, eyni zamanda, bu sahədə aparılan tədbirlərin daha səmərəli təşkili ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyinin göstərişlərinə uyğun olaraq Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən zəruri tədbirlər görülməkdədir.
İdarədən AZƏRTAC-a bildiriblər ki, yol hərəkəti iştirakçıları arasında təhlükəsizlik tədbirlərinə dönmədən riayət edilməsi vərdişlərinin aşılanması, cəmiyyətdə yol mədəniyyətinin daha da inkişaf etdirilməsi, bu sahədə aktiv iştirakçılığın, habelə fərdlər arasında məsələyə məqsədyönlü və şüurlu yanaşmanın təmin edilməsi məqsədilə bir sıra təşkilati-hüquqi işlər görülüb. Eyni zamanda, yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat, təşviqat və maarifləndirmə işinin daha da gücləndirilməsi üçün mütəxəssislərin, ictimaiyyət nümayəndələrinin və ələxsus gənclərin potensial imkanlarından səmərəli istifadə olunmasına çalışılıb.
Aktiv həyat tərzi sürən hər bir şəxsin potensial təbliğatçı olması və ictimai vəzifələrini yerinə yetirərkən yol hərəkəti təhlükəsizliyinin təbliğinə töhfələr verməsi üçün ən real güc olan könüllülərin bu sahədə fəal iştirakçılığına nail olunması istiqamətində də təşviqat və maarifləndirmə işləri aparılıb.
“Yol Polisinə dəstək” qruplarının yaradılması, ölkəmizdə təşəkkül tapmış könüllülər hərəkatının imkanlarının qiymətləndirilməsi, onların yol hərəkətinin təhlükəsizliyi ilə bağlı təbliğat-təşviqat xarakterli tədbirlərə cəlb edilməsi bu qəbildən olan tədbirlərdəndir.
Təkcə paytaxt ərazisində deyil, ölkənin ayrı-ayrı bölgələrini də əhatə edən bu tədbirlərdən daha biri DİN BDYPİ-nin bilavasitə dəstəyi ilə Salyan rayon könüllülərinin təqdimatında baş tutub. Bu dəfə təbliğatçı qismində DYP əməkdaşları deyil, könüllülər çıxış edib.
Rayon ziyalılarının, ictimaiyyət, yerli icra orqanları və KİV nümayəndələrinin iştirakı ilə Salyan rayon 2 saylı tam orta məktəbdə keçirilən görüşdə əvvəlcə könüllülərin hazırladıqları proqram izlənilib.
Daha sonra çıxış edən natiqlər tədbirin əhəmiyyəti barədə iştirakçılara geniş məlumat verərək onlara yol hərəkəti təhlükəsizliyinin təbliğində, bu sahədə müşahidə edilən nöqsan və çatışmazlıqların aradan qaldırılmasında birgə mübarizənin vacibliyindən danışıblar. Rayon ziyalıları bu səpkidə keçirilən maarifləndirmə tədbirlərinin, yol hərəkəti təhlükəsizliyinin təbliği və təşviqi işinə dəstək verən könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və bu hərəkatın davamlı olmasını arzulayıblar.
Tədbirdə çıxış edən BDYPİ-nin əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayev ölkəmizdə mövcud olan yol hərəkəti mədəniyyətinin daha da gücləndirilməsində vətəndaş cəmiyyətinin mühüm rol oynadığını, yol hərəkəti qayda pozuntularına qarşı mübarizədə ictimai qınaq və ictimai nəzarət mexanizmlərinin mühüm əhəmiyyət kəsb etdiyini, eləcə də könüllülərin DYP ilə əməkdaşlıq istəyinin DİN tərəfindən yüksək qiymətləndirildiyini bildirilib.
BDYPİ tərəfindən yol hərəkəti təhlükəsizliyinin təbliğinə xidmət edən və qanuna uyğun şəkildə keçirilən istənilən formalı sosial layihələri, sözügedən Dövlət Proqramının uğurla həyata keçirilməsi məqsədilə atılan hər bir addımı dəstəklədiyini, bu sahədə birgə əməkdaşlığa hər zaman hazır olduğunu diqqətinə çatdıran Mübariz Ağayev təmsil etdiyi qurum adından görüş iştirakçılarına və təşkilatçılara minnətdarlığını bildirib, qarşılıqlı münasibətlərin inkişaf etdiriləcəyinə əminliyini ifadə edib və qazanılmış müsbət təcrübənin ölkəmizin digər bölgələrində yayılmasının təmin ediləcəyini vurğulayıb.

Sosial 2019-10-18 13:42:00