×
A
A
A
Sazlamalar

Daşkənd Dövlət Konservatoriyasının əməkdaşları Bakı Musiqi Akademiyasında olublar

Bakı, 18 oktyabr, AZƏRTAC

Özbəkistan Respublikası Daşkənd Dövlət Konservatoriyasının kafedra müdiri Mirzecon Axmetov və dosenti Şovkat Matiyakubov Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanaloqiya və Akustika” elmi laboratoriyasının qonağı olub.
Bakı Musiqi Akademiyasından AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Özbəkistan arasında mədəni əməkdaşlıq, musiqi təhsilinin inkişafı, müəllim-tələbə mübadiləsinin aparılması və ali musiqi məktəbləri arasında daha sıx əlaqələrin yaradılması kimi məsələlər müzakirə edilib.
İlk olaraq çıxış edən elmi laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent N.İsmayılzadə dünyada mədəniyyətləri, adət və ənənələri, soykökləri oxşar olan Azərbaycan və özbək xalqlarının dostluq əlaqələrini təbliğ etmək, möhkəmləndirməyin vacib olduğunu vurğulayıb. O, iki ölkənin tarixi inkişafını, mədəniyyətini təbliğ edəcək musiqi festivallarının, simpoziumların, konfransların keçirilməsini təklif edib.
Görüşdə xalqlarımız arasında mövcud olan dostluq əlaqələrindən, ənənəvi Şərq musiqi sənətinin, folklorun paylaşılması ilə yanaşı, elmi mübadilələrin də aparılmasının vacibliyindən danışılıb.
Görüşdən məmnunluğunu ifadə edən M.Axmetov Azərbaycan musiqisinin zənginliyindən, ali musiqi təhsil ocaqlarının tədris metodikasından, tar ifaçılıq sənətinin mükəmməlliyindən bəhs edib.
Sonda Azərbaycan və özbək musiqi nümunələri səsləndirlib, qarşılıqlı hədiyyələr təqdim olunub.

 

Mədəniyyət 2019-10-18 12:42:00