×
A
A
A
Sazlamalar

“Yaşıl dalğa” ekoloji hərəkatının növbəti aksiyası keçirilib

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Dənizkənarı Milli Parkda “Sərhədsiz diplomatiya” Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzinin fəaliyyəti çərçivəsində Bakı Avropa Liseyinin təşəbbüsü, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağının, həmçinin Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə “Yaşıl dalğa” ekoloji hərəkatının ikinci aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın endemik bitkilərinin qorunmasını təbliğ edən aksiyanın məqsədi bəşəriyyətin gələcək inkişafının qayğısına qalmaq və qlobal ekosistemin tarazlaşdırılmasının bərpası estafetini qəbul edəcək gənc nəslin diqqətini ətraf aləmin bugünkü problemlərinə yönəltməkdir.
Tədbirdə Bakı Avropa Liseyinin, Müasir Təhsil Kompleksinin, Bakı şəhərinin 6 və 132-134 nömrəli orta məktəblərinin 200-dən çox şagirdi iştirak edib. Tədbir iki hissədən ibarət olub. “Vernisaj” adlanan birinci hissədə məktəblilərin bir hissəsinin Dənizkənarı Milli Parkda ölkəmizin endemik florasına aid çəkdikləri rəsmlər sərgilənib. Şəkillər münsiflər heyəti tərəfindən qiymətləndirilib. Həmçinin Bakı Avropa Liseyinin şagirdləri milli rəqslərimizi ifa ediblər.
Aksiya iştirakçılarının digər qismi Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmiş və digər endemik bitkilərin 50-ə yaxın tingini (dəmirağacı, Lənkəran akasiyası, nar ağacı, şabalıdyarpaq palıd, sərv ağacı, Eldar şamı) mütəxəssislərlə birgə Dənizkənarı Milli Parkda xüsusi ayrılmış sahədə əkiblər. Qeyd edilən bütün bitkilər və tinglər AMEA-nın Mərkəzi Nəbatat Bağının və Dənizkənarı Bulvar İdarəsinin hədiyyəsidir.
İkinci hissədə AMEA-nın Mərkəzi Nəbatat Bağının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sadıq Qarayev şagirdlərə Azərbaycan endemləri barədə interaktiv mühazirə keçib. O, ekologiyanın qlobal problemləri fonunda paytaxtımızın və digər bölgələrimizin yaşıllaşdırılması üçün yerli nadir, xüsusilə də endem bitkilərdən istifadənin məqsədəuyğun olduğunu qeyd edib. Həmçinin həmin bitkilərin əkilməsinin onların sayının artmasına və genofondunun yaradılmasına yardımçı olduğunu vurğulayıb.
Sonda Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova çıxış edərək belə tədbirlərin şagirdlərin doğma Vətənimizin təbiətini yaxından tanımasında və qorumasında böyük əhəmiyyət kəsb etdiyini bildirib. O, “Sərhədsiz diplomatiya” Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzinin təşəbbüsü ilə bu ildən yaşayış məskənlərinin müdafiəsi məqsədilə “Yaşıl dalğa” Uşaq Ekoloji Hərəkatının təsis olunduğunu və bu hərəkat çərçivəsində belə aksiyaların ənənəvi olaraq keçiriləcəyini diqqətə çatdırıb.
Z.Veysova Novruz bayramı ərəfəsində Azərbaycanın endemik bitkilərinin əkilməsinin nəzərdə tutulduğunu, gələcəkdə bu hərəkata digər ölkələrin şagirdlərinin də cəlb edilməsinin planlaşdırıldığını deyib.

Elm və təhsil 2019-10-18 12:25:00