×
A
A
A
Sazlamalar

“TÜRKSOY-25: şərəfli yolun astanasında” kitabı işıq üzü görüb

Bakı, 18 oktyabr, AZƏRTAC

“Elm və təhsil ” nəşriyyatında yüksək poliqrafik üslubda çap olunan növbəti kitab “TÜRKSOY-25: şərəfli yolun astanasında” adlanır. Kitabın məsləhətçisi AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov, “Ön söz” müəllifi Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərovdur.
AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtının müəllifi olduğu kitabda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının – TÜRKSOY-un yaranması, təşəkkülü və hədəflərinə dair araşdırmaların nəticələri yer alıb. Müəllif uzun illər TÜRKSOY-la birbaşa əməkdaşlıq sayəsində əldə etdiyi təcrübədən qaynaqlanaraq fikir və düşüncələrini bölüşüb, eləcə də türk dünyasının zəngin maddi və qeyri-maddi irsinə dair nümunələri, rəsmi sənədləri və kütləvi informasiya vasitələrinin bu mövzuda materiallarını tədqiqata cəlb edib.
Kitabın rəyçiləri M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Tahir Kərimov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərovdur. Tərtibçisi Azərbaycanın TÜRKSOY-dakı rəsmi nümayəndəsi Elçin Qafarov, məsul redaktoru Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru Dəyanət Osmanlıdır.
Akademik Nizami Cəfərovun kitaba yazdığı “Ön söz”də deyilir: “Türk dünyasının irsi o qədər qədim, zəngin və dünya mədəni mirası sırasında böyük əhəmiyyətə malikdir ki, onu tanıtdırmaq və təbliğ etməklə bitib-tükənən deyil. Əksinə, bu irs daha geniş əhatədə tanındıqca yeni-yeni böyük işlərə meydan açılır. Siyasi elmlər üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sabir Şahtaxtının qələmə aldığı “TÜRKSOY-25: şərəfli yolun astanasında” tədqiqat əsəri Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının tarixi missiyasına, türksoylu xalqların qədim və ulu irsinə, mədəni ailəmizin bütün dünya xalqları üçün oynadığı rola çıraq tutur. Xüsusilə qeyd etmək istəyirəm ki, təqdim olunan əsərin adı özlüyündə nəhəng gələcək perspektivlərdən xəbər verir”.
Kitabı vərəqlədikcə 25 illik zaman kəsiyində TÜRKSOY-un gördüyü işlər göz önündə canlanır. Təşkilatın türk xalqlarının bir-birinə yaxınlaşması və onların ortaq mədəniyyətinin təbliği istiqamətində məhsuldar, miqyaslı fəaliyyəti rəğbət doğurur. Müəllif haqlı olaraq yazır: “TÜRKSOY daim fəaliyyətdə olan canlı bir ensiklopediyadır. O, həm qədim və zəngin tariximizi böyük qürurla vərəqləyir, həm də əzəmətli yeni səhifələr açır. Yəni, TÜRKSOY həm ümumtürk tarixini təbliğ edir, həm də yeni bir ortaq tarix yaradır”.
Qeyd edək ki, 328 səhifəlik kitab TÜRKSOY-un keçdiyi şərəfli yola işıq salmaqla yanaşı, həm də təşkilatın tarixini özündə əks etdirməklə gələcək araşdırmalar üçün dəyərli bir mənbə rolunu oynayır. Elə bu səbəbdən də, əminliklə demək olar ki, müəllifin böyük zəhmətlə ərsəyə gətirdiyi əsər oxucular və tədqiqatçılar tərəfindən maraqla qarşılanacaq.

Mədəniyyət 2019-10-18 10:56:00