×
A
A
A
Sazlamalar

Fermerlər embrion köçürmə texnologiyası barədə məlumatlandırılıblar

Bakı, 17 oktyabr, AZƏRTAC

Aqrar Elm və İnnovasiya Mərkəzi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda “Azərbaycanda qoyunçuluq sahəsində damazlıq və seleksiya işinin təşkili” layihəsi çərçivəsində “Embrion köçürmə texnologiyası” mövzusunda təlim keçirilib. Təlimdə bölgədə fəaliyyət göstərən fermerlər, istehsalçılar, aqrar ixtisas üzrə təhsil alan tələbələr, elmi-tədqiqat institutlarının əməkdaşları iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev son illər aqrar sahədə aparılan islahatlardan söz açıb. Bildirib ki, əhalinin ət məhsullarına olan tələbatının ödənilməsi sahəsində intensiv metodların tətbiqi mühüm əhəmiyyət daşıyır. Xüsusən, müasir dünya təcrübəsinə əsaslanaraq xırdabuynuzlu heyvandarlığın yeni metodlarla inkişaf etdirilməsi müasir dövrün tələblərindən biridir. Bu istiqamətdə qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu respublikamızın ənənəvi təsərrüfat sahəsi olan qoyunçuluğun intensiv metodlarla inkişaf etdirilməsi, heyvanların baş sayının artırılması, onların damazlıq keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Türkiyənin bir sıra elmi müəssisələri ilə sıx əməkdaşlığa başlayıb.
Əməkdaşlıq çərçivəsində Türkiyənin Qars Qafqaz Universitetinin professorları Yavuz Öztürklər və Cihan Kaçar, eləcə də Aksaray Universitetinin əməkdaşı, professor Tahir Karaşahin ekspert qismində 1 il müddətində Azərbaycana ardıcıl səfərlər edəcək və yerli mütəxəssislərlə birgə kompleks tədbirlər həyata keçiriləcək. Əməkdaşlıq çərçivəsində yerli fermerlər üçün təlim və seminarlar keçiriləcək, qoyunçuluqda süni mayalanmanın tətbiqi, süngərləmə üsulu ilə bala alınması, qoyunçuluqda damazlıq və seleksiya işinin təşkili və digər məsələlər ətrafında maarifləndirmə işləri aparılacaq.
Təlimdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin sektor müdiri Şaiq Əzimov, Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli, Azərbaycan Dövlət Aqrar Universitetinin tədris işləri üzrə prorektoru Anar Hətəmov respublikada qoyunçuluğun inkişaf etdirilməsinin intensiv yolları barədə məlumat veriblər.
Türkiyənin Aksaray Universitetinin professoru Tahir Karaşahin təlimdə xırdabuynuzlu heyvanların süngürlənmə və süni mayalanma üsulu ilə artırılmasının elmi yolları barədə təqdimatla çıxış edib, fermerlərin suallarını cavablandırıb.
Daha sonra təlim iştirakçıları institutda yeni yaradılan yem laboratoriyası və intensiv qoyun ferması ilə tanış olublar. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.

Kənd təsərrüfatı 2019-10-17 19:05:00