×
A
A
A
Sazlamalar

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü FHN Akademiyasında qeyd olunub VİDEO

Bakı, 17 oktyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 18 oktyabr – Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, dövlət himninin səslənməsi ilə başlanan tədbirdə çıxış edən Akademiyanın rəisi, general-mayor Baba Salayev tədbir iştirakçılarına bayram münasibətilə təbriklərini çatdırıb. Akademiyanın rəisi qeyd edib ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası tarixi hadisədir və ölkə vətəndaşları üçün əlamətdar gündür.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul olunduğunu xatırladan B.Salayev qeyd edib ki, bu mühüm sənədlə xalqımız həsrətində olduğu azadlığına, müstəqilliyinə yenidən qovuşdu. Əldə olunmuş suverenliyin qorunub saxlanması isə məhz ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində mümkün olub. Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər qısa zamanda müstəqil dövlətimizi, suverenliyimizi bütün təhlükələrdən xilas edib. Dahi rəhbərdən bizə miras qalmış müstəqil dövlətimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət sayəsində daha da möhkəmlənir, xalqımızın rifahı ildən-ilə yaxşılaşır, ölkəmiz çiçəklənir.
Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Aydın Mirzəzadə dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlərdən danışıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti və müdrik uzaqgörənliyi sayəsində dağılmaq və parçalanmaqdan xilas olan Azərbaycan məhz Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində durmadan inkişaf etməklə daha da güclənib, beynəlxalq birliyin layiqli üzvünə, regionun qüdrətli lider dövlətinə çevrilib.
Tədbirin sonunda müstəqillik gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Sosial 2019-10-17 19:11:00

Video