×
A
A
A
Sazlamalar

Hikmət Babaoğlu: Ölkəmizdə əldə edilən uğurlar aparılan düzgün siyasətin nəticəsidir

Bakı, 17 oktyabr, AZƏRTAC

Dövlətimizin inkişafı və insanların sosial rifahının yaxşılaşdırılmasına xidmət edən iqtisadiyyatın şaxələndirilməsi, diferensiallaşdırılması istiqamətində qəbul edilən qərarlar və həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verməkdədir. Oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə Azərbaycan Prezidentinin çıxışı bunu bir daha təsdiqlədi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, ölkə rəhbərinin də qeyd etdiyi kimi, aparılan sosial-iqtisadi islahatlar nəticəsində bu ilin doqquz ayında göstəricilər qənaətbəxşdir. Hesabatın nəticələri ölkə iqtisadiyyatının davamlı inkişafından və rəqabətliliyindən xəbər verir. Son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz müsbət təsirini göstərir. Qeyri-neft sənayesi üzrə iqtisadi artımın 15 faizdən, qeyri-neft sektorunda isə 3 faizdən çox olduğunu qeyd edən ölkə rəhbəri bu göstəricilərin iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı aparılan düzgün siyasətin nəticəsi olduğunu vurğuladı. Bunlar çox mühüm göstəricilərdir və bizi gələcəyə nikbin baxmağa ruhlandırır.
Hikmət Babaoğlu deyib ki, iqtisadi müşavirədə Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən sosial paket layihələrinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, 4,2 milyon nəfəri əhatə edən layihə nəticəsində insanların minimum əməkhaqqı, pensiyaları artıb, onların maddi rifah halı yaxşılaşıb. Əməkhaqqı və pensiyanın artırılması ilə bərabər alıcılıq qabiliyyətinə də diqqət yetirilib. Digər MDB ölkələrindən fərqli olaraq, Azərbaycanda alıcılıq qabiliyyəti daha yüksəkdir. MDB məkanında əməkhaqqının, pensiyanın məbləği çox olsa da, alıcılıq qabiliyyəti aşağıdır. Dövlətimizin başçısı vurğulayıb ki, bundan sonra da davamlı olaraq əhalinin əməkhaqları və pensiyası artırılacaq, bu istiqamətdə islahatlar davam etdiriləcək.
Vergidən yayınma hallarının iqtisadiyyatın inkişafını ləngidən səbəblər olduğunu qeyd edən deputat deyib: “Azərbaycan Prezidenti hər dəfə olduğu kimi, ölkədə şəffaflığın təmin olunmasının, vergidən yayınma hallarının qarşısının alınmasının vacibliyini vurğuladı və bildirdi ki, korrupsiya hallarının qarşısı birmənalı şəkildə alınmalıdır. Prezident birmənalı şəkildə xalqa müraciət edərək şəffaflığın təmin olunması, korrupsiyaya nəzarət edilməsi məsələsinə rəylərini, münasibətlərini bildirməyin vacibliyini qeyd etdi. Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı bu cür hallarla barışmaz mövqe, qətiyyət nümayiş etdirsə, aparılan siyasət də bir o qədər səmərəli olar. Çox güclü siyasi iradənin ortaya qoyulduğunu bildirən Prezident Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istədiyimizi və buna nail olacağımızı vurğuladı” - deyə deputat bildirib.
Hikmət Babaoğlu qeyd edib ki, “Doing Business” hesabatında dünya miqyasında Azərbaycanın biznes mühitinə görə 25-ci yerdə, son hesabatda isə yenə də 20 ən islahatçı ölkə sırasında yer alması faktı onu göstərir ki, ölkəmizdə dayanıqlı inkişaf təmin olunur. Prezident dəfələrlə çıxışlarında qeyd edib ki, dövlətin siyasətinin təməlində Azərbaycan vətəndaşının rifahının təmin olunması durur və onun işinə ən böyük qiyməti Azərbaycan xalqı verir.

Daxili siyasət 2019-10-17 18:29:00