×
A
A
A
Sazlamalar

Bəxtiyar Əliyev: Prezident İlham Əliyev vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə daim böyük diqqət yetirir

Bakı, 17 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bu il sentyabr ayının 1-dən minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırıldı, dövlət qulluqçularının aylıq vəzifə maaşları 50 faiz, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqları 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşları orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırıldı. Dövlət başçısı tərəfindən təkcə bu il ərzində həyata keçirilən sosial islahatlar paketi ölkədə vətəndaşa nə qədər dəyər verildiyinin aydın göstəricisidir. İslahatlar nəticəsində 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşdı, pensiyalar, əməkhaqları, müavinətlər artırıldı. Azərbaycanda minimum əməkhaqqının bir ildə iki dəfə artırılması nəticəsində ölkəmiz bu göstərici üzrə MDB-də birinci yerdə qərarlaşıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə daim böyük diqqət yetirir. Dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı və təhlükəsizliyi dayanır. Dünyanın heç bir ölkəsində qısa müddət ərzində bu cür böyük islahatlar həyata keçirilmir. Bu baxımdan, əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən bu islahatlar dünya miqyasında bir nümunədir. Azərbaycan iqtisadiyyatı inkişaf etdikcə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində də müvafiq addımlar atılır. Azərbaycanın dövlət büdcəsinin sosialyönümlü olması da bunu bir daha təsdiq edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2020-ci ilin dövlət büdcəsi həm sosial, həm də investisiyayönümlü olacaq.
B.Əliyev qeyd edib ki, bütün bu islahatlarla yanaşı, ölkədə inflyasiyanın aşağı səviyyədə olması mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə bildirdiyi kimi, Azərbaycanda inflyasiya çox aşağı səviyyədədir, 2 faizdən bir qədər çoxdur. Bu, çox yaxşı göstəricidir. Əhalinin gəlirləri yenə də inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyir. Əlbəttə ki, aparılan məqsədyönlü siyasət nəticəsində inflyasiyanın aşağı səviyyədə saxlanması həyata keçirilən islahatların müsbət təsirini daha da gücləndirir, əhalinin rifahının yaxşılaşmasına xidmət edir.

Daxili siyasət 2019-10-17 15:28:00