×
A
A
A
Sazlamalar

Mövlud Çavuşoğlu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi ilə görüşüb

Bakı, 17 oktyabr, AZƏRTAC

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankarada ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obraenlə görüşüb.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, genişləndirilmiş heyətdə keçirilən görüş bağlı qapılar arxasında 45 dəqiqəyə yaxın davam edib.
Yerli vaxtla saat 14:30-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın vitse-prezidenti Maykl Pensi qəbul edəcəyi gözlənilir.
Maykl Pensin rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya Türkiyə rəhbərliyini Suriyanın şimalında aparılan “Sülh çeşməsi” əməliyyatını dayandırmağa razı salmaq üçün gəlib. Nümayəndə heyətinin tərkibinə, həmçinin ABŞ-ın dövlət katibi Maykl Pompeo, Prezident Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obraen və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri də daxildir.
Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalını terrorçulardan təmizlənməsi və bufer zonasının yaradılması üçün “Sülh çeşməsi” əməliyyatının başladığını elan edib. Həmçinin Ankara bu ərazilərdə suriyalı qaçqınları yerləşdirmək fikrindədir.

 

Dünya 2019-10-17 14:57:00