×
A
A
A
Sazlamalar

Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir

Bakı, 17 oktyabr, AZƏRTAC

Nizami Rayon İcra Hakimiyyəti və YAP Nizami rayon təşkilatı SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçiriblər.
YAP Nizami rayon təşkilatından AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin zavodun ərazisində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb və Ümummilli Liderin xatirəsini ehtiramla yad ediblər.
Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ulu öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva çıxış edərək deyib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşub. Bildirilib ki, Azərbaycan Respublikası artıq 28 ildir müstəqil ölkədir. Ölkəmiz bu istiqlaliyyətə Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra yenidən qovuşub.
Sonra çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov vurğulayıb ki, müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur. Azərbaycan xalqı da həmişə bu istəklə yaşayıb.
Tarixdə zaman-zaman müxtəlif adlar altında müstəqil Azərbaycan dövlətlərinin mövcud olduğunu deyən A.Qasımov bildirib : “1993-cü ildə xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtmış ümummilli lider Heydər Əliyevin uzaqgörən fəaliyyəti nəticəsində ölkəmizin müstəqilliyi dönməzlik və əbədilik qazanıb. O vaxt ölkəmizdə yaranmış dərin böhranlı vəziyyət, vətəndaş qarşıdurması məhz ulu öndər Heydər Əliyevin sayəsində aradan qaldırılıb, yenicə qazanılmış müstəqilliyimiz itirilmək təhlükəsindən xilas edilib”.
Ümummilli lider Heydər Əliyevin “Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir” kəlamını xatırladan YAP Nizami rayon təşkilatı Heydər Əliyev adına Neft Emalı Zavodu ərazi ilk partiya təşkilatının sədri Samir Əhmədov Ulu Öndərin “Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir” kəlamının həyatda öz əksini tapmasına şahidlik edən Azərbaycan xalqının bu gün öz liderini şükranlıqla xatırladığını və onun xatirəsinin heç vaxt unudulmadığını və unudulmayacağını bildirib.
Digər çıxış edənlər xoşbəxtliyimizin müstəqil ölkədə azad vətəndaşlar kimi yaşamağımızda olduğunu bildiriblər. Qeyd ediblər ki, biz bunu yüksək qiymətləndirməli və müstəqilliyi hər şeydən üstün tutmalıyıq.
YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Ramil Vəlibəyov isə dövlət müstəqilliyimizin müdafiəsində, qorunmasında və inkişaf etdirilməsində gənclərin qarşısında duran mühüm vəzifələrdən danışıb.
Sonda Yeni Azərbaycan Partiyasına yeni qəbul edilmiş üzvlərə vəsiqələr təqdim olunub.

Siyasət 2019-10-17 13:04:00