×
A
A
A
Sazlamalar

Tokio Olimpiadası üçün hazırlanacaq Azərbaycan kimonosunun eskizləri üzərində iş davam etdirilir VİDEO

Tokio, 17 oktyabr, AZƏRTAC

Gələn il Tokioda keçiriləcək Olimpiya və Paralimpiya oyunları ilə əlaqədar “Kimono layihəsi - vahid dünyanı təsəvvür edin” layihəsi çərçivəsində yarışlara qatılacaq dövlətlərin və ərazi vahidlərinin kimonoları hazırlanır.
AZƏRTAC xəbər verir ki, bununla bağlı ölkəmizin Yaponiyadakı səfirliyində layihənin nümayəndələri ilə növbəti görüş keçirilib.
Görüşdə layihənin əsas məqsədinin yapon mədəniyyətinin ənənələrini bütün dünyaya təqdim etmək üçün 213 ölkənin və ərazi vahidinin kimonosunun yaradılmasından, 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarına qatılacaq ölkələrin təşviqindən, xalqlar arasında dostluq əlaqələrinin gücləndirilməsindən ibarət olduğu vurğulanıb. Bildirilib ki, hər bir ölkə üçün kimononun hazırlanmasına 2 milyon yen (təqribən 18200 ABŞ dolları) məbləğində vəsait tələb olunur. Azərbaycan kimonosunun hazırlanması üçün sponsor qismində Osaka şəhərində fəaliyyət göstərən “Sakai” daşımaçılıq şirkəti çıxış edib.
Görüşdə səfirlik tərəfindən verilmiş tövsiyələr əsasında Azərbaycana həsr olunan kimonoya dair bir sıra eskizlər nümayiş etdirilib. Azərbaycanın Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov milli mədəniyyətimizə, ölkəmizin müasir inkişafına daha uyğun eskizi seçərək, onun daha mükəmməl versiyasının hazırlanmasını xahiş edib.
Layihənin nümayəndələri tezliklə eskizin tam ölçüdə hazırlanaraq səfirliyə təqdim olunacağını bildiriblər. Qeyd edilib ki, Azərbaycana həsr olunacaq kimono, səfirliyin tam razılığı əldə edildikdən sonra hazırlanacaq.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Mədəniyyət 2019-10-17 12:57:00

Video